Azərbaycanda bu benzinin vergisi 200 dəfə artırıldı

25 Dekabr, 2017 13:15 | İqtisadiyyat | Baxış sayı: 640
Benzin
Benzin

Mhərrik benzinlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb

Azərbaycan ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan mühərrik benzinlərinə tətbiq ediləcək yeni aksiz dərəcələri açıqlanıb. Gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında qərara dəyişikliklər gələn il yanvarın 23-də qüvvəyə minir.

Aviasiya benzinləri istisna ilə, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. 

Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzinlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb.

Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.