Saxta yolla pensiya düzəldənlər "yandı"

25 Oktyabr, 2019 10:45 | İqtisadiyyat | Baxış sayı: 199
Sahil Babayev
Sahil Babayev

Nazir süni yolla sosial yardım düzəldənlərə də xəbərdarlıq etdi

"Araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, daha 1000-ə yaxın şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr var ki, onlarla bağlı da eyni tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq. Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq.

Nazir həmçinin 2500-dək yalnış əlillik təyinatının da aparılan araşdırmalar nəticəsində aşkar edilərək ləğv olunduğunu, bu istiqamətdə araşdırmaların davam edəcəyini deyib, yeni əlillik təyinatlarının aparılmasına da ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.