OPEK toplantısı Bakıda keçiriləcək

24 Dekabr, 2018 15:23 | İqtisadiyyat | Baxış sayı: 49
OPEK
OPEK

Neft istehsalçıları 2018-ci ildə razılaşdırıldığı kimi, bazarda tarazlığın bərpası ilə bağlı danışıqlar aparacaqlar

Neftin hasilatı həcminin günə 1,2 milyon barelə qədər azaldılması gələn il bazarda tarazlıq yaratmasa, OPEC və təşkilatın neft istehsal edən ölkələrdən olan müttəfiqləri fövqəladə iclas keçirib, lazımi ölçülər götürəcəklər.

İstiPress-in məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliyinin energetika naziri Suheyl əl-Məzrui Neft İxrac Edən Ərəb Ölkələri Təşkilatının Küveytdə keçirilən konfransında etdiyi çıxışda bildirib.

Əl-Məzruinin sözlərinə görə, hasilat həcmi ilə bağlı razılaşmanın müddətini uzatmaq heç də problem olmayacaq və istehsalçılar bazarın mövcud tələblərinə uyğun addım atacaqlar.

“Hasilatın 1.2 milyon barelə qədər azaldılması kifayət etməsə, necə olsun? Sizi əmin edirəm ki, kifayət etməsə, görüşüb lazım olan işləri görəcəyik. Hasilatla bağlı ixtisar planı hərtərəfli düşünülüb, lakin o “işləməsə”, bizim OPEC-də fövqəladə iclas çağırmaq səlahiyyətimiz var”,- deyə Məzrui bildirib.

BƏƏ naziri OPEC və qeyri-OPEC birgə monitorinq komitələrinin fevralın sonu və ya martın əvvəlində Bakıda toplantı keçirəcəklərini diqqətə çatdırıb. Məzruinin bildirdiyinə görə, görüşdə neft istehsalçıları 2018-ci ildə razılaşdırıldığı kimi, bazarda tarazlığın bərpası ilə bağlı danışıqlar aparacaqlar.