Ermənistana qaz hücumu

24 Dekabr, 2018 16:59 | İqtisadiyyat | Baxış sayı: 314
Qazsız Ermənistanda qış mənzərəsi
Qazsız Ermənistanda qış mənzərəsi

Erməni KİV-ləri Azərbaycana müraciət etməyin vaxtının çatdığına işarə vururlar

Rusiyadan alınan qazın qiymətinin artması indi Ermənistan sakinlərini narahat edən əsas məsələdir.

Bu narahatlıq yerli sinoptiklərini 27 dekabra gözlənən kəskin soyuqlar barədə danışmasından sonra daha da güclənib. Bizi sərt qış gözləyir, deyə sinoptiklər bildirir.

Buna görə də qaz tarifləri mövzusu Moskva səfəri öncəsi Nikol Paşinyanla jurnalistlərin söhbətinin əsas mövzusu olub.  Baş nazir əvəzi bildirib ki, o, Rusiya qazının qiymətlərinin 1 yanvar tarixindən  qalxması barədə məlumata malik deyil.

Bu, yetərincə qəribədir. Çünki erməni KİV-ləri artıq bir həftədir ki, qaz tariflərinin min kuba görə 150 dollardan 215 dollara qalxması barədə danışırlar. Bu məlumat hakimiyətdə olanların heç biri tərəfindən təkzib olunmayıb.

Paşinyan sadəcə onu əlavə edib ki, o, Moskvada danışıqların müsbət gedişinə ümid edir, amma proqnoz vermək fikrində deyil. O qeyd edib ki, Rusiya prezidenti Putinlə Ermənistan üçün həyati vacib olan məsələlərin geniş çeşidini danışmaq niyyətindədir.

Yerli ekspertlərin fikrincə, qaz tariflərinin artırılması mütləq ictimaiyyətdə mənfi rəy doğuracaq. Onların fikrincə, başqa ölkələrdən qaz idxalı, xüsusilə də İrandan idxal Ermənistan üçün çətin həl olunan məsələdir. Bu, Ermənistan kimi ölkələri arxa plana atan və sırf birtərəfli maraqlar güdən ölkələrin diqqət mərkəzindədir.

Maraqlıdır ki, yerli erməni KİV-lərində yayılan məlumatlarda üstörtülü eyhamlar vurulur ki, Cənubi Qafqazda təbii qazın böyük ehtiyatlarına malik elə ölkələr var ki,  yalnız qonşu Gürcüstanı deyil, bütün Avropanı qazla təmin edirlər. Yəni Azərbaycana müraciət etməyin vaxtının çatdığına işarə vururlar.