ANS Şirkətlər Qrupundan “Qara Cümə” əvəzinə “Mübarək Cümə” layihəsi

24 Noyabr, 2017 16:51 | İqtisadiyyat | Baxış sayı: 1323
ANS TV logo
ANS TV logo

Vahid Mustafayev: “Hətta bu uzun və çətin yolumuzda yağışlar belə yağanda biz ondan sonra açılan çıçəklər haqqında düşünürük”

ANS Şirkətlər Qrupuna daxil olan VMF mağazalar şəbəkəsi bu günün - bütün dünyada “Qara Cümə” kimi tanınan məşhur endirim gününün adının dəyişdirilməsini təklif edib. Beləliklə, VMF öz endirim aksiyasına “Mübarək Cümə endirimləri” şüarı altında başlayıb ki, bu da yerli alıcıların həddindən çox xoşuna gəlib. Sosial şəbəkədə buna rəy bildirən alıcılar bununla VMF mağazalar şəbəkəsinin Yeni il qabağı endirimlərinə ən dəqiq adı verdiyini vurğulayıblar. 

VMF mağazalar şəbəkəsinin endirim posteri
VMF mağazalar şəbəkəsinin endirim posteri

Məsələ bundadır ki, XIX əsrdən başlayan Yeni il qabağı endirimlərə qərbdə Şükran Günündən, yəni hər il noyabrın son cüməsindən başlanır. Bu endirimlərin məqsədi iş adamlarının Tanrıya şükr edərək əllərində olan maddi nemətləri çox aşağı qiymətlər müqabilində aztəminatlı ailələrlə bölüşmək istəyindən qaynaqlanır. Öz növbəsində Tanrı da onların bu minətdarlığını eşidir və nəticədə ticarət dövriyyəsi artır, iş yerləri yeni sifarişlər əldə edir, istehsalçıların da, ticarətçilərin də ailələrinin rifahı yüksəlir.  

İki əsrə yaxındır ki, iş adamları bu mübarək ənənəni şərəflə davam etdirirlər və bu xeyirxah əməl getdikcə dünyanın hər yerinə yaylır. Lakin nədənsə 1966-cı ildən ABŞ-ın şərq sahillərində bu xeyirxahlıq gününə “Qara Cümə” deməyə başlayıblar. Bu söz ilk dəfə həmin gün yollarda yaşanan güclü tıxacla bağlı işlədilib. O vaxtdan hansısa sirli əl mətbuatın və sosial şəbəkələrin vasitəsilə bu xoş əmələ şüuraltı səviyyədə kölgə sala biləcək həmin termini yaymağa çalışır. 

Alıcılar sosial şəbəkədə "Mübarək Cümə"ni alqışlayır
Alıcılar sosial şəbəkədə "Mübarək Cümə"ni alqışlayır

Müxtəlif şirkətlər bu termindən yayınmaq üçün müxtəlif adlar seçir. Amma sosial şəbəkə izləyiciləri VMF-in seçdiyi terminin daha uğurlu və aksiyanın məramına daha uyğun olduğunu düşünürlər. Çünki cümə müsəlmanlar üçün mübarək ibadət günüdür, insanın əlində olan maddi neməti başqa insanlarla paylaşması da ibadətdəndir.

İsveçrə saatlarının rəsmi distribütoru kimi 20 ildən çoxdur, Azərbaycana xidmət göstərən VMF mağazalar şəbəkəsinin bu gündən başladığı endirimlər də bu mərama xidmət edir. Alıcılar endirim dövründə şəbəkəyə məxsus 10-dan çox salondan 20-dən çox tanınmış brendə məxsus saatları 70 faizə qədər ucuz ala bilərlər.

Vahid Mustafayev - ANS Şirkətlər Qrupunun rəhbəri
Vahid Mustafayev - ANS Şirkətlər Qrupunun rəhbəri

VMF Şirkətinin daxil olduğu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev "Mübarək Cümə" ilə bağlı bunları deyib: “1988-ci ildən bu günədək ANS Şirkətlər Qrupunun bütün əməkdaşları müxtəlif sahələrdə çalışıb ki, Azərbaycanımızda Qara Günlər olmasın. Hətta bu uzun və çətin yolumuzda yağışlar belə yağanda, biz ondan sonra açılan çıçəklər haqqında düşünürük. Bir də ki, "onlarda" (xarici ölkələrdə - red.) Black Friday ildə bir kərə olur. Qoy bizdə də bir kərə Mübarək Cümə olsun!”.