Üç kəndi sevindirəcək son addımlar

24 Sentyabr, 2020 13:37 | İqtisadiyyat | Baxış sayı: 87

Xaçmazda suvarma və içməli su ehtiyatının artırılması üçün ciddi tədbirlər görülür.

İstiPress-in şimal bürosunun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Xaçmaz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 31 mart 2020-ci il tarixli Sərəncamına əsasən rayonda 13400 nəfər əhalini əhatə edən 10 ədəd subartezian qazılması planlaşdırılır.

Hazırda Xaçmazın Nərəcan, Üryanoba və Gəncəli kəndlərində qazılan quyularda son tamamlama işləri gedir. İlin sonunadək Ağaverdioba, Armudpadar, Çarxı, Çaykənarı, Çılğır, Şıxhaput və Yaquboba kəndlərində də növbəlilik əsasında artezian quyular qazılaraq istifadəyə veriləcək.

Xaçmaz İH başçısı Elnur Rzayev Gəncəli kəndində subartezian quyusunun qazılması vəziyyətini yoxlayıb və aparılan işlərin keyfiyyətilə maraqlanıb. Pandemiya çərçivəsində açıq havada sakinlərlə görüşən Elnur Rzayev əhalinin içməli su tələbatının yaxşılaşdırılması üçün aparılan işləri diqqətdə saxladığını deyib.