Bakıdan məşhur kəndə gedən yol qısaldılır

24 Aprel, 2019 16:27 | İqtisadiyyat | Baxış sayı: 290

Rayon ərazisində mövcud olan ikinci yol yenilənir

Qubanın Çiçi kəndinə Şabran rayonu ərazisində mövcud olan ikinci yol yenilənir.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu barədə Quba icra başçısı Ziyəddin Əliyev qərar verib. Rayonun Qonaqkənd - Xaltan, Söhüb  kəndləri istiqamətində yaşayan kəndlərin sakinləri İH rəhbərliyinə çoxsaylı müraciət edərək paytaxta gedən yolun qısaldılmasını, bu səbəbdən Şabran ərazisində Çiçiyə gedən yolun bərbad hissəsinin təmir olunmasını istəyiblər. Həmin yola baxış keçirən Ziyəddin Əliyev yolun Şabranın Kilvar kəndi yaxınlığından qəzalı olan 11 km yolun bərpa olunmasını məqsədəuyğun bilib.

Artıq bir müddətdir bu yolda bərpa işlərinə start verilib. Quba icra başçısının Çiçi İƏD üzrə nümayəndəsi Nadik Əliyev İstiPress-ə məlumat verib ki,artıq işlər Çiçi kəndinin ərazisində görülür. Yola hələlik asfalt salınmasa da daxili imkanlar hesabına köhnə asfalt qırıqları hesabına hamarlanır və çuxurlar doldurulur. Yol sürücülərin  rahatlığının təmin olunması baxımından hazıelanır. Şabranın Kilvar kəndinin yaxınlığından Qubanın Təngəaltı kəndinəcən 25 km yolun bərpası nəzərdə tutulur.

Çiçi -Təngəaltı yolunun çəkilməsi Qubanın dağ zonasında yaşayan sakinləri üçün çox əlverişli olacaq. Məsələn, Qonaqkənddən Bakıya getmək istəyən şəxslərin daha Qubaya getməsinə ehtiyac olmayacaq. Onlar Çiçi yolundan istifadə edərək Şabran ərazisindəki magistral yola çıxa biləcəklər. Bu, həm vaxta qənaətdir, həm də Quba şəhərinə getmədən 44 km yola qənaət deməkdir. Bu zaman kəsiyi sakinlərin cibi üçün də xeyirlidir. Bu yol turizmin inkişafı üçün də çox səmərəli olacaq. Bakıdan birbaşa Təngəaltı-Afurca zonasına getmək istəyənlər elə Şabrançayın yanından sola dönməklə yollarını qısalda biləcəklər.