Türkiyə Azərbaycandan soğan almağa razılaşdı

24 Yanvar, 2019 12:20 | İqtisadiyyat | Baxış sayı: 92
Soğan
Soğan

Qarşı tərəf risk analizləri tələb edib

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə Azərbaycanda becərilən soğan məhsulunun “Zərərli Risk analizi“nin aparılması ilə bağlı müraciət edib. 

Agentlikdən verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra, Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. 

Risk təhlilindən sonra, uyğun şərtlər daxilində, Azərbaycandan Türkiyəyə soğan idxalına icazə verilib. Belə ki, ölkədən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir.

Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə çatdırır ki, Türkiyəyə soğan ixrac edərkən bu tələbləri nəzərə alsınlar. İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.