Azərbaycanlıları xərçəng edən əsas məhsul

23 Oktyabr, 2017 13:15 | İqtisadiyyat | Baxış sayı: 7449
Xəstəxanada kütləvi müayinə -  ARXİV
Xəstəxanada kütləvi müayinə - ARXİV

İstehlak bazarının şok edən yeni faktları

Dünya bazarında kərə yağının bahalaşması Azərbaycana bu məhsulun idxalının azalması ilə yanaşı, bazarda keyfiyyətsiz və zərərli əvəzləyici yağların istehlakının artması ilə nəticələnib.

İstiPress-in araşdırmasına görə, keyfiyyətsiz və zərərli əvəzləyici məhsullar həm kənd yağı adı altında bazarlara, həm də “Rusiya kərə yağı” adı altında supermarketlərə və məhəllə dükanlarına ayaq açıb.

Azərbaycana gətirilən kərə yağın azalmasını Dövlət Gömrük Komitəsi (DGK) açıqlayıb. DGK-nın saytında dərc olunan statistikadan belə anlamaq olur ki, sentyabr ayında Azərbaycana cəmi 553 ton kərə yağı gətirilib. Bu, may ayının göstərcisi (1599 ton) ilə müqayisədə 3 dəfəyə qədər azdır. Bütövlükdə isə, ilin ilk səkkiz ayında Azərbaycana orta hesabla ayda 1300 tona qədər yağ gətirilib.

İş adamları bunu kərə yağının bahalaşması və buna görə də satışların azalması ilə izah edirlər. Yanvar ayı ilə müqayisədə Bakı supermarketlərində kərə yağı 80 faizə qədər bahalaşaraq kiloqramı 17-19 manatdan satılmağa başlayıb. İş adamları bunu dünya bazarında kərə yağının kəskin bahalaşması ilə izah edirlər - əgər əvvəllər dünya bazarında kərə yağının topdan satış qiyməti 2 avronun ətrafında dəyişirdisə, hazırda bu, 6 avro ətrafında dəyişir. Belə olan şəraitdə iş adamları idxal kərə yağını bahalaşdırmağa məcbur olublar. 

Mənbə: Dövlət Gömrük Komitəsi
Mənbə: Dövlət Gömrük Komitəsi

Bu isə bazarda həqiqi kərə yağına olan tələbatı azaldıb. İstiPress-in Bakı dükanlarında apardığı araşdırmaya görə, topdansatışçılar iri supermarketlərdə sata bilmədikləri kərə yağlarını hətta məhəllə dükanlarına belə haqqı satışdan sonra ödənilmə şərti ilə yerləşdirməyə başlayıblar. Əvvəllər bu şərtlə yalnız postsovet məkanında istehsal edilmiş ucuz marqarinlər satılırdı.                       

Bazarı tərk edən kərə yağının yerini xeyli ucuz, böyük ehtimalla, palma yağından və marqarindən istifadə etməklə ustalıqla düzəldilmiş əvəzləyici yağlar tutmağa başlayıb. Aqrar islahatlar üzrə mütəxəssis Vahid Məhərrəmovun İstiPress-ə verdiyi məlumata görə, çağdaş texnoloji avadanlıqlarda düzəldimiş bu yağlara müəyyən dad və rəng əlavələri qatmaqla, onları tam kərə yağa bənzətməyə nail olurlar:

“Kiloqramı 9-10 manata satılan yağ kərə ola bilməz. Sizə qısa bir hesabat təqdim edəcəm. 1 kiloqram ənənəvi 82,5%-lik kərə yağ əldə etmək üçün ən azı 25 litr süd lazım gəlir. Azərbaycanın cins mallar saxlanan südçülük fermalarında südün litrinin maya dəyəri 60-70 qəpiyə çatır. Yəni bundan kərə yağ istehsal edilsə maya dəyəri 15-17 manata başa gələr. Təbii ki, fermerlər buna getmirlər və onu süd və ya qatıq kimi satmağa üstünlük verirlər. Yəni litrini ən azı 1 manata satırlar”.

Vahid Məhərrəmov dağ rayonlarında kiloqramı 9-12 manata satılan kərə yağlarına da toxunub: “Nehrə yağlarında yağlılıq dərəcəsi aşağıdır. Zatən bu yağları alan şəhər müştəriləri onu əridib xörəkdə istifadə etmək üçün deyil, qəlyanaltı üçün alırlar. Amma Bakı bazarlarında nehrə yağı adı altında satılan məhsullara çox da güvənmək olmaz. Adətən işbazlar kəndlidən aldıqları yağa ucuz marqarinlər qatırlar, sonra bazara çıxarırlar. Adətən, təcrübəli adamlar zay məhsulu dərhal tanıyırlar və almırlar”.

Bu problemlər üzündən Azərbaycanda kərə yağı istehlakı tələb olunandan xeyli aşağıdır. Tibbi normalara görə, hər bir insan gün ərzində ən azı 30 qram kərə yağı istehlak etməlidir. Bu, Azərbaycan üzrə 110 min ton kərə yağı istehlakını vacib edir. Amma Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycanda ildə cəmi 14 min ton yağ istehlak edilir. Bunun  13 min tonu idxal edilir,  min tonu isə ölkə daxilində istehsal edilir.    

Kərə yağının yerinə bitki yağlarından düzəldilmiş alternativ yağların istifadəsi kalsium və başqa elementlərin bədəndə mənimsənilməsinə mane olur. Bədəndə  mənimsənilməyən elementlər toplaşaraq bədxassəli şişlər əmələ gətirə bilir. Bəlkə də, buna görə müstəqillik dövründə Azərbaycanda xərçəngdən ölənlərin sayının 2 dəfə artıb - 1990-cı ildə ölkədə xərçəngdən 4 min adam ölübsə, 2016-cı ildə 8 mini keçib. Halbuki, hazırda onkoloji xəstəliklərə qarşı ciddi mübarizə aparılır.

Xərçəngin çoxalmasında kərə yağ əvəzinə palma yağından istifadənin də rolu az deyil. Rusiya mütəxəssislərinin araşdırmalarına görə, kərə yağ yerinə palma yağı ilə qidalanmaq orqanizmin gec-tez xərçənglə üzləşməsinə səbəb olur. Çünki palma yağının ərimə temperaturu bədən temperaturundan yüksəkdir və bu, həmin yağların mədənin divarlarına yığılıb qalmasına səbəb olur. Ola bilər ki, Azərbaycanda son illərdə mədə-bağırsaq sistemində müşahidə edilən xərçəng artımı bununla bağlıdır.

Təbii ki, Azərbaycanın bu problemi həll etməsi üçün ölkədə əlverişli qiymətə kütləvi kərə yağ istehsalının təşkili vacibdir. Bu, ölkəyə yüz milyonlarla dollar valyutaya qənaət etməklə yanaşı, həm də kənd yerlərində on minlərlə iş yerinin açılması ilə nəticələnərdi.

Vahid Məhərrəmov bu məsələdə qabaqcıl ölkələrin təcrübəsindən yararlanmağı təklif edir: “Bazarda kərə yağının bahalaşmasında bəzi rayonlarda yonca sahələrində və örüşlərdə pambıq əkilməsi ilə bağlıdır. Pambıq əslində ölkənin boş qalmaqdan şoranlaşmış 500 min hektar sahəsində əkilməli idi. İkincisi, biz heyvandarlıqda elmin nailiyyətlərindən yararlanmalyıq. Maraqlanmalıyıq ki, niyə İsraildə 1 inəkdən ildə 12 ton süd sağıldığı halda, bizdə bu, 1,4 ton təşkil edir. Azərbaycana qabaqcıl aqrar texnologiyaların gətirilməsi vacibdir”.

Əslində, aqrar ekspertin dedikləri təhsil sahəsində də öz əksini tapmalıdır. İndi qərbdə gənclər arasında ən populyar ixtisaslardan biri əkinçilikdə gen mühəndisliyi, yəni çağdaş əkin texnologiyaları üzrə aqronomluqdur. Azərbaycanda isə hətta kənd məktəbliləri aqronom olmaq barədə düşünmürlər. İqtisadi siyasət həm də bu fərqi aradan götürməyə xidmət etməlidir.

Çingiz Rüstəmov / İstiPress