İşləməyən qaçqınların maaşı ləğv edildi

22 Noyabr, 2017 15:05 | İqtisadiyyat | Baxış sayı: 739
Azərbaycan manatı
Azərbaycan manatı

Qaçqınkom: "Qərarın uzadılması məqsədəuyğun hesab edilməyib"

İşləməyən köçkünlərə əməkhaqlarının verilməsi dayandırlıb. İstiPress-in məlumatına görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi büdcə təşkilatlarında çalışmış və özlərindən asılı olmayan səbəblərdən işləyə bilməyən məcburi köçkünlərə verilən dondurulmuş əmək haqqının dayandırılmasına aydınlıq gətirib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən 10 may 1994-cü il tarixdə "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 181 nömrəli qərar qəbul edilib. Həmin qərarın 2-ci bəndində göstərilir ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 1 sentyabr 1994-cü il tarixədək orta əmək haqlarının verilməsini təmin etsinlər: "Sonrakı illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılıb və beləliklə, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və heç bir yerdə işləməyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqı 1 yanvar 2017-ci il tarixədək verilib.

Cari ildə də Komitə tərəfindən həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparılıb, lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib. Odur ki, 2017-ci il 1 yanvar tarixdən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqının verilməsi dayandırılıb.

Komitənin məlumatında bildirilir ki, məcburi köçkünlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək və ya sosial yardım almaq üçün müraciət edə bilərlər.