Vulkan şimal rayonunu susuz qoydu - FOTO, VİDEO

22 Avqust, 2019 18:59 | İqtisadiyyat | Baxış sayı: 326
Ləzə kəndində palçıq vulkanı - artıq çəpərlərə çatıb
Ləzə kəndində palçıq vulkanı - artıq çəpərlərə çatıb

Vəziyyətdən qismən çıxmaq üçün kənd ərazisində çayın yanında süni göl yaradılıb

Qusar şəhərində artıq bir aya yaxınıdır ki, içməli suyun verilişində ciddi problemlər yaşanır.

İstipPress-in şimal bürosuna şəhər sakinlərinin verdiyi məlumata görə, Qusar şəhərinin su xətti yenilənəndən sonra mənzillərə daimi içməli su verilirdi. Artıq bir müddətdir su nəinki az gəlir, saatlarla gəlmir, bəzən isə günün istənilən vaxtlarında az miqdarda verilir. İsti yay günlərində susuz qalmağın çətin olduğunu deyən sakinlər içməli suyun həm də çox bulanıq gəldiyini bildirirlər.

Məsələyə "Azərsu"nun Qusar su-kanal idarəsinin rəisi Əlyar Saruxanov münasibət bildirib. Onun sözlərinə görə, avqustun 1-dən 2-ə keçən gecə Qusarın dağlıq Ləzə kəndində yenidən palçıq vulkanı püskürüb və palçıq layı birbaşa Qusarçaya axır: "Qusar şəhərinin içməli suyu mənbəyini dağlardan, sonra isə Qusarçaydan alır. Hazırda çaydan Yuxarı Ləyər kəndindəki su təmizləyici qurğumuza su əvəzinə, palçıq axını gəlir. Su istehsal mümkün deyil. Bu, təbii fəlakət nəticəsində meydana gəlib."

Əlyar Saruxanov bildirib ki, bu səbəbdən Qusar şəhərinə normal içməli su vermək mümkün deyil. Vəziyyətdən qismən çıxmaq üçün Yuxarı Ləyər kəndi ərazisində çayın yanında süni göl yaradılıb. Həmin göldə su duruldularaq və süzülərək Qusar şəhərindəki anbarlara ötürülür. Əlyar Saruxanov ümumilikdə 7000 abonenti olan Qusar şəhərinin içməli su probleminin həlli üçün Qusarçayda müvafiq təmizləmə işləri görülür.