Prezident İcra Hakimiyyətinə 3 milyon manat ayırdı

22 Avqust, 2017 18:59 | İqtisadiyyat | Baxış sayı: 194
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev

İlham Əliyev sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

İstiPress xəbər verir ki, Sərəncama əsasən Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, sənaye məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 71 dəfə artıb, filiz emalı zavodu, mineral sular və limonad istehsalı zavodları, digər iri istehsal və emal müəssisələri yaradılıb, Rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, “Aşıqlar evi”, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2 yaşayış binası, Avtovağzal Kompleksi inşa edilib, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, avtomobil yolları çəkilib, körpülər salınıb, geniş abadlıq-quruculuq işləri aparılıb.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.