Rusiyadan gözlənən qorxulu hücum

22 İyul, 2017 08:22 | İqtisadiyyat | Baxış sayı: 1171
Dağıstan Azərbaycan sərhədi
Dağıstan Azərbaycan sərhədi

Bir sıra dövlət qurumları Dağıstanla həmsərhəd rayonlarda fövqəladə iş rejiminə keçirilib

Azərbaycanın şimal qonşusu Dağıstanda əkin sahələri çəyirtkələrin hücumunə məruz qalıb. İstiPress-in araşdırmasına görə, Rusiya Federasiyasına daxil olan respublikanın 100 min hektara yaxın ərazisini əhatə edən çəirtkə hücumunun Azərbaycana da keçmək təhlükəsi var.

Kütləvi informasiya mənbələrində və sosial şəbəkələrdə yayılan məlumatlardan belə görünür ki, Dağıstanın  Babayurd, Noqay, Tarumov və Qızılyar rayonlarını hədəfə almış çəyirtəkələr sahələrin üzərində qara bulud kimi hərəkət edirlər. Rüstəm Adaqamov adlı sosial şəbəkə istifadəçisinin “Twitter”ə yerləşdirdiyi videodan belə görünür ki, çəyirktələrin olduğu zonadan keçən avtomobillərdə görüntü qatı dumanda olduğu kimi bir neçə metrə düşür. 

Dağıstanın sözügedən rayonlarında ziyanverici həşəratlara görə fövqəladə vəziyyət elan edilib. Artıq yerli hökumət həşəratlarla mübarizə tədbirlərini gücləndirib. Amma bununla belə, çəyirkələrin Azərbaycana keçməsi təhlükəsi də yaranıb. Çünki mübarizə tədbirlərinə baxmayaraq, çəyirtkələr yayılma ocağından ətrafa 300 kilometrə qədər yayıla bilirlər. 

Azərbaycan - Dağıstan sərhəddi - XƏRİTƏ
Azərbaycan - Dağıstan sərhəddi - XƏRİTƏ

Düzdür, İstiPress-in şimal bürosunun məlumatına görə, Azərbaycanın Dağıstanla birbaşa sərhədi olan Qusar və Xaçmaz rayonlarında hələ ki, hər hansı bir çəyirtkə fəallığı aşkar edilməyib. Amma  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində İstiPress-ə verilən açıqlamada  qonşu ölkələrin birində çəyirtkəkimilərin kütləvi miqrasiyası aşkar olunursa, o zaman onların Azərbaycan Respublikası ərazisinə keçməsiin mümkünlüyü vurğulanıb. 

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev  İstiPress-in məsələ ilə bağlı sualına cavab olaraq bildirib ki, qurum bu problemdən xəbərdardır:

“Hazırda Dövlət Xidmətinin yerli qurumları və Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələri tərəfindən Dağıstanla həmsərhəd rayonlarda və dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə mütamadi monitorinqlər həyata keçirilir və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri aparılır”. 

Camal Quliyev - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi
Camal Quliyev - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi

Dövlət Xidmətinin rəisi, 2015-ci ilin iyun ayında Dağıstan Respublikasının Terek çayı vadisindən Xəzər dənizi vasitəsi ilə Abşeron yarımadasına Asiya çəyirtkəsinin kütləvi miqrasiyasını da xatırladıb:

“Qısa müddət ərzində səyyar qərargahlar yaradıldı, 1040 hektar sahədə mübarizə tədbirləri aparıldı və Asiya çəyirtkəsinin ocaqları məhv edildi. Kimyəvi mübarizə tədbirləri əsasən suyun çox olduğu və qamışlıq ərazilərdə həyata keçirildi və qısa müddət ərzində yaxşı nəticə əldə edildi. Çünki çəyirtkələr həmin yerlərdə yumurta qoyduğundan bu ərazilərdə mübarizə tədbirləri daha güclü aparılır”.

Camal Quliyev çəyirtkə sürüsünün Azərbaycana keçməsinin qarşısının alınması üçün mühafizə metodlarından da bəhs edib. O, hər il olduğu kimi, 2017-ci ildə də xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə məqsədi ilə respublikanın bütün rayonlarını əhatə edən qərargahların yaradıldığını diqqətə çatdırıb:

“Müvafiq qurumlar gücləndirilmiş iş reciminə keçirilib və mobil bitki mühafizə dəstələrinin maddi-texniki bazası müvafiq tələblərə tam uyğunlaşdırılıb. Buna görə də mobil bitki mühafizə dəstələri çəyirtkəkimilərlə mübarizəyə maddi-texniki baxımdan tam hazırdır. Mübarizə tədbirləri zamanı əsasən “Pikap” tipli, ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyəti olan “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilərdən istifadə olunur. Hazırda maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır ki, çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, bunun qarşısı dərhal alınsın və kənd təsərrüfatı bitkilərinə ziyan vurmasına imkan verilməsin. Bildirim ki, bu vaxta qədər ölkə üzrə ümumilikdə 16100 hektar sahədə kimyəvi dərmanlama işləri aparılıb”.

Əkin sahələrinin ən başlıca problemlərindən birinin çəyirtkələrlə bağlı olduğunu deyən Dövlət Xidməti rəisi vurğulayıb ki, bu ziyanvericilər taxıl məhsullarını, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını məhv edir: “Onlar sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və bu zaman 250 km-dən çox məsafəni qət edə bilir. Çəyirtkəkimilər digər həşəratlardan fərqli olaraq daha çox qidalanır və bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Ona görə də mübarizə tədbirləri əsasən çəyirtkələrin uçmağa başladığı dövrə qədər geniş şəkildə həyata keçirmək lazımdır ki, müsbət nəticələr əldə edilsin və vurulan zərərin qarşısı tez bir zamanda alınsın”.

Azərbaycanda əkinlər üçün bir çox mövsümi təhlükələrin mövcud olmasından bəhs edən Camal Quliyev bildirib ki, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı mübarizə tədbirlərinin aparılması zəruri olduqda, Dövlət Xidmətinin metodiki tövsiyyələri əsasında fermerlər tərəfindən mübarizə tədbirləri aparılır: “Eləcə də bölgələrdə regional müşavirələr keçirilir, torpaq mülkiyyətçiləri və fermerlərlə maarifləndirici söhbətlər aparılır. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin “1652” və Dövlət Xidmətinin 012.562.87.44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır”.

Çingiz Rüstəmov / İstiPress