Bakıda 20 günə 110 ton bal satıldı

21 Oktyabr, 2019 16:01 | İqtisadiyyat | Baxış sayı: 42
Bal
Bal

Yarmarka üçün 136,1 ton arıçılıq məhsulu qəbul edilib

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 18-nə qədər Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilmiş Arıçılıq Məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında 110 tona yaxın məhsul satılıb.

Səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Leyla Məmmədovanın sözlərinə görə, yarmarkada ölkəmizin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Yarmarkada iştirak edən hər arıçıya satışa hər arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilmişdi. 

Onun sözlərinə görə, ümumilikdə, bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib: “Qida Təhlükəsizliyi Agentliyi 3 241 nümunə götürüb və laboratoriyada yoxlayıb. Qida təhlükəsizliyi və keyfiyyət göstəricilərinə uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa buraxılıb. Yarmarka müddətində, ümumilikdə, 109,7 ton arıçılıq məhsulunun - 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib”.