Azərbaycanda bahalı maşın sürənlərə müjdə

20 Dekabr, 2017 12:45 | İqtisadiyyat | Baxış sayı: 690
Benzin
Benzin

Qiyməti bahalaşan benzin Bakıda istehsaıl ediləcək

Heydər Əliyev adına Neft Emalı Zavodu ilə Tecnicas Reunidas şirkəti arasında qurğuların rekonstruksiyası üzrə müqavilə imzalanıb. SOCAR-dan istiPress-ə verilən məlumata görə, NEZ-də aparılan modernizasiya işləri daha keyfiyyətli yanacaq məhsullarının istehsalını nəzərdə tutur. NEZ-in modernizasiyası 2021-ci ilədək davam edəcək. Bununla əlaqədar, layihəyə cəlb olunmuş Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) SOCAR-KBR şirkəti tərəfindən mövcud qurğuların və ümumi zavod təsərrüfatının rekonstruksiyası işləri üzrə aparılmış Seçim Proseduruna əsasən Tecnicas Reunidas (TR) şirkəti qalib olaraq seçilib. NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir: 

• yeni qurğuların inşası və 

• mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası. 

Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-da həyata keçirilən yenidənqurma və modernizasiya layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrimizlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. 

I mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi; 

II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası; 

Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması. 

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.