Azərbaycanın tarixi kəndinin sakinləri çox sevindi

20 Noyabr, 2019 18:14 | İqtisadiyyat | Baxış sayı: 141

Mavi yanacaq Qonaqkəndi sevindirdi

Qubanın dağlıq ərazidə yerləşən və 1930-cu ildə rayon mərkəzi olmuş Qonaqkənd qəsəbəsinə və yaxınlıqdakı Afurca, Xırt, Kunxırt və Atuc kəndlərinə tarixdə ilk dəfə olaraq təbii qaz verilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qonaqkənd qəsəbəsində düzənlənən tədbirdə rayon İH və "Azəriqaz"ın rəhbərləri, qəsəbə və ətraf kəndlərin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Quba İH-nin başçısı Ziyəddun Əliyev çıxışında bu mühüm prosesin dövlət başçısı İlham Əliyevin birbaşa tapşırığı ilə həyata keçirildiyini, qısa vaxt ərzində heç vaxt qaz olmayan bu dağ kəndlərinə təbii qaz xətti çəkildiyini deyib: "Prezident İlham Əliyev ölkənin hər bir vətəndaşına diqqətlə yanaşır. Qonaqkəndin və bu gün mənzillərində ilk dəfə mavi alov görən digər kəndlərin camaatı da bu qayğının şahidi oldular. Bu, cox böyük diqqətdir".

"Azəriqaz" İB-nin yeni təyin olunmuş baş direktoru Ruslan Əliyev sakinləri əlamətdar hadisə münasibətilə ilə təbrik edərək qaz olmayan digər dağ və ucqar kəndlərin də tədricən qazlaşdırılacağını bildirib.

Sonra Qonaqkənddə mavi alov şölələnib, bütün evlərə və digər 4 kəndə qaz verilib. Açılış mərasimində çıxış edən sakinlər indiyəcən qış-payız aylarında kənddə qaz olmamasından, baha qiymətə də olsa odun almaqda çətinlik çəkmələrindən danışıblar. Bildiriblər ki, Qonaqkəndə 1 maşın odun gətirmək hər sakinə 200-250 manata başa gəlirdi, onu da almağa hər adamın imkanı çatmırdı. Son illər isə meşələrə girmək qadağan olunduğundan yanacaq məsələsi qış aylarında çox müşkül məsələyə dönmüşdü. Artıq dağ kəndlərinin camaatının bu ağrılı problemdən canı qurtardığına görə onlar ölkə rəhbərinə və xidməti keçən hər kəsə təşəkkür ediblər.

Bu gün Qubanın Qonaqkənd qəsəbəsi daxil olmaqla 5 kəndinə ümumilikdə 948 abonentə təbii qaz verilib. Qazlaşma işləri digər ucqar dağ kəndlərini də əhatə edəcək.