Şimal rayonunda yeni müəssisə açıldı

20 Oktyabr, 2019 11:46 | İqtisadiyyat | Baxış sayı: 341
Qusarda yeni müəssisə
Qusarda yeni müəssisə

İşçi sayının 100 nəfərə çatdırılacığı düşünülür

Qusarda spirtli içkilər zavodu fəaliyyətə başlayıb. "RUS AZƏRİ Spirts" adlanan zavod Rusiyanın Tatarıstan Respublikasının bu sahə üzrə ixtisaslaşan iş adamları ilə  Azərbaycanın iş adamlarının birgə layihəsi əsasında açılıb.

İstiPress-şimal bürosuna bu barədə Milli Məclisin Qusardan seçilən üzvü Azər Badamov məlumat verib. Onun sözlərinə görə, bu zavodda istehsal olunan araqlar dünya markaları altında daxili və xarici bazara çıxarılacaq. Bu isə ölkəmizin məşhur araq brendlərinin dünyada tanınmasına, bu növ məhsulların ölkəmizə idxalının azalmasına öz müsbət təsirini göstərəcək.

Azər Badamov bildirib ki, Qusardakı araq zavodunda su rayondakı Qarabulaq bulağından alınır və bu su, istehsal üçün çox sərfəlidir, çünki Qusarın suyu çox təmiz və gözəl sudur. 

Araq zavodunda Azərbaycanda ilk dəfə olaraq araqlar qızıl və gümüş filtrlərdən süzülür və artıq istehsala başlanılıb. Açılış mərasimində Qusar İH başçısı Şair Alxasov, birgə layihənin rus və azərbaycanlı iş adamları iştirak edib.

İlk olaraq 40 nəfər Qusar sakininin işlə təmin olunduğunu söyləyən deputat Azər Badamov proses genişləndukcə işçi sayının 100 nəfərə çatdırılacığını deyib. Bu isə rayonda işsizliyin qismən aradan qaldırılmasına kömək edəcək.