Prezident "Əsrin müqaviləsi"nin 25 illiyi mərasimində YENİLƏNİB

20 Sentyabr, 2019 14:13 | İqtisadiyyat | Baxış sayı: 51
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Tədbir Heydər Əliyev Mərkəzində keçirilir

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

ABŞ-ın Dövlət katibi əlamətdar yubileylə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına Amerika Birləşmiş Ştatları adından salamlarını və təbriklərini çatdırıb. Vurğulayıb ki, ölkəsi Azərbaycanla energetika, iqtisadiyyat, təhlükəsizlik sahəsində və digər sahələrdə birgə işin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır.

“Bu il 25-ci ildönümün qeyd edilməsi Azərbaycanın dünya bazarlarına öz zəngin enerji ehtiyatlarını davamlı şəkildə çatdırdığı vaxta təsadüf edir. Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar öz enerji ehtiyatlarının işlənilməsində, Avropanın və dünyanın enerji təhlükəsizliyinə töhfə verilməsində və müstəqil dövlət kimi öz siyasi xəttinin formalaşdırılmasında Azərbaycanın göstərdiyi səylərdə onun qətiyyətli tərəfdaşı olub. 1994-cü ildə Qərb şirkətləri ilə bu müqaviləni imzalamaqla və Bakı–Tbilisi–Ceyhan boru kəmərini inşa etməklə Azərbaycan dünya bazarlarında əsas neft təchizatçısına çevrildi və ilk dəfə olaraq Xəzər dənizi ilə Aralıq dənizi arasında birbaşa enerji bağlantısı yaratdı.

Azərbaycan yenə də təşəbbüskar rolunda çıxış edərək, bu dəfə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac etməklə Avropanın enerji təhlükəsizliyinə strateji əhəmiyyətli töhfə verir. Xəzər Neft və Qaz Sərgisinin 26-cı ildönümü münasibətilə Prezident Tramp öz məktubunda qeyd etdiyi kimi, biz Sizin səylərinizi tam dəstəkləyirik və hesab edirik ki, Azərbaycanın iqtisadi uğuru regionun sabitliyi və çiçəklənməsi üçün əhəmiyyətlidir”.

Maykl Pompeo qeyd edir ki, uğurlu enerji əməkdaşlığımız həm iqtisadi işbirliyimizi, həm təhlükəsizlik sahəsində tərəfdaşlığımızı, eləcə də insan hüquqları, fundamental azadlıqlar və demokratik idarəçilik sahəsində davamlı fəaliyyətimizi əhatə edən strateji münasibətlərimizə müsbət töhfə verib.

Məktub bu sözlərlə tamamlanır: “Birləşmiş Ştatlar bütün bu sahələrdə birgə işimizin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır. Bu mühüm tarixi hadisənin ildönümü münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm”.

Saat 14:13

Dövlət başçısı "Əsrin müqaviləsi"nin 25 illiyi münasibəti ilə keçirilən tədbirdə nitq söyləyib. Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibinin məktubunu oxuyub. 

Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış etdilər.

Saat 12:27

Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilir. Mərasimdə prezident İlham Əliyev də iiştirak edir. 

Xatırladaq ki, 20 sentyabr 1994-cü ildə Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlanıb.

Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” (AÇG) yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edildi.

“Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına şərait yaratdı.