“Coca-Cola”dan yeni QİYMƏT AÇIQLAMASI

20 İyul, 2017 16:23 | İqtisadiyyat | Baxış sayı: 741

Gəlirlər ilə bağlı itkilər isə daha böyükdür

Azərbaycanda 10 ticarət markasının istehsalını həyata keçirən “Coca-Cola Azərbaycan” qiymət və qarşıdakı məhsul istehsalı siyasətindəki yeni strategiyasını açıqladı. İstiPress Fins.az saytına istinadən xəbər verir ki, şirkət istehsal həcmini artırmağa, lakin bu fonda qiymətləri yüksəltməməyə qərar verib.

“Coca-Cola”nın Qafqaz Regionu üzrə meneceri Əsəd Şirinovun sözlərinə görə, şirkət 2014-cü ildə istehsal üzrə rekorda imza atıb. Lakin 2015-ci ildən bəri ölkəmizdə, eyni zamanda “Coca-Cola Azərbaycan”ın məhsul ixrac etdiyi orta Asiya və Qafqaz regionunda yaşanan iqtisadi böhran şirkətin istehsalını 30% azaldıb. 

Gəlirlər ilə bağlı itkilər isə daha böyükdür. Çünki əsas xammal olan serumu və bir neçə digər qatqını dollar və avroda alan müəssisə 120 faizə qədər devalvasiya fonunda qiymətləri cəmi 40% qaldırıb.   

Ə.Şirinovun sözlərinə görə, ölkədə başlanılan islahatları çox müsbət qarşılayan “Coca-Cola” nəticələrin Azərbaycan iqtisadiyyatı üçün müsbət olacağına inanır. Artıq 2017-ci ilin fevral ayından başlayaraq, ölkədə iqtisadi canlanma müşahidəə olunur. Manatın stabilləşməsi iqtisadiyyatda dövriyyəyə pul çıxışını artırıb və nəticədə çatışlar yüksəlməyə başlayıb. “Biz dibi gördük. Hazırda isə artımı müşahidə edirik”, deyən menecer Coca-Cola şirkətinin istehsaldan satışa qədər zəncirvari bir ekosistem halında çalışdığını bildirib.

Rəhbərliyin bəyanatına görə, bu brend altında bazara çıxarılan məhsulların siropları xaricdən gətirilir. Azərbaycanda ona su, şəkər çuğunduru, və s. qatqıları əlavə edərək qablaşdırırlar. Bu məhsulların keyfiyyətinə 3 mərhələdə nəzarət olunur. 
Bundan başqa, “Coca-Cola” şirkəti strategiyasında bəzi yeniliklər edir. Belə ki, şəkərin miqdarı və təbii şəkildə olan formalarından istifadə ilə bağlı yeni planlar var. Həmçinin tezliklə, yeni qablaşmalarda kiçik həcmli sərinləşdirici içkilərin bazara çıxarılmasının şahidi olacağıq.  

Qeyd edək ki, yarandığı gündən bəri “Coca-Cola Azərbaycan” ölkə iqtisadiyyatına 400 milyon dollar vəsait yatırıb. Bunun 160 milyonu investisiya, 240 milyonu isə vergi ödənişi formasında  baş verib. Hazırda şirkətdə 300 azərbaycanlı çalışır. Şirkət ölkənin içki məhsulları sektorunda liderdir