Nazir kütləvi zəhərlənmələrin səbəbini açıqladı

20 İyun, 2018 10:21 | İqtisadiyyat | Baxış sayı: 127
İnam Kərimov - kənd təsərrüfatı naziri
İnam Kərimov - kənd təsərrüfatı naziri

Nazirlik son günlər ciddi xəbərdarlıq edib

İmişlidə kütləvi zəhərlənmə baş vermiş pambıq sahəsi ilə bağlı araşdırma aparılır. 

İstiPress-in  məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib. O, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslərlə birlikdə hadisə yerində olub, zəhərlənən fəhlələrə baş çəkiblər.

Nazir İnam Kərimov bildirib ki, həm bu gün İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır: "Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin, dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər".

İ.Kərimov deyib ki, nazirlik bununla bağlı son günlər ciddi xəbərdarlıq edib. Nazir onu da qeyd edib ki, bu il iyulun 1-nə qədər fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Dövlət Agentliyi icazə verəcək.