Gömrük postunun rəisi vətəndaş şikayətinə görə işdən çıxarıldı

20 May, 2019 18:59 | İqtisadiyyat | Baxış sayı: 180
Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

Qanunu pozan gömrük əməkdaşları cəzalandırıldılar

Bəzi kütləvi informasiya vasitələrində Türkiyədə müvəqqəti yaşayaraq Azərbaycana qayıdan ölkə vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat yayılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, X.Şabanovanın ölkəyə qayıtdığı tarixdə "Qırmız Körpü" gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub. Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların - ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

DGK qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə X.Şabanovaya təşəkkürünü bildirir.