"Gəlsinlər pul qoysunlar"

20 Aprel, 2020 17:30 | İqtisadiyyat | Baxış sayı: 161
“Azərenerji”nin yenilənmiş kompleksinin açılışı
“Azərenerji”nin yenilənmiş kompleksinin açılışı

Prezident xarici şirkətlərə tövsiyyə verib

"Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə işləsinlər". Bunu Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılışına qatılan prezident İlham Əliyev deyib.

"Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaq".

Dövlət başçısı qeyd edib ki, “Azərenerji”nin böyük planları var və hesab edir ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək. Onun sözlərinə görə, müsbət dinamika və eyni zamanda, sabitlik ona gətirib çıxardı ki, xarici investorlar Azərbaycana pul qoymaq qərarına gəliblər. Bu ilin yanvar ayında ilkin razılaşma əldə edildi və bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik 2 böyük şirkət Azərbaycanla ilkin sazişləri də imzaladı. Bu sazişlər əsasında ölkəmizdə 440 meqavat gücündə - biri külək, biri günəş olmaqla, 2 stansiya tikiləcəkdir, sırf xarici investorların hesabına.

"Bir də xarici şirkətlərin fəaliyyəti ilə bağlı bildirməliyəm ki, müəyyən müddət ərzində biz bu sahəni dövlət inhisarında saxlamışdıq və mən bunun səbəbini də bildirdim. Ancaq hazırda Azərbaycana investisiya qoymaq istəyən istənilən şirkət öz təkliflərini versin və yeni stansiyalar tiksin, investisiya qoysun və bizimlə bərabər işləsin.

Bilirəm ki, bəzi şirkətlərin mövcud stansiyalara marağı vardır. Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub".