Artıq sözlər belə yazılacaq - Yeni orfoqrafiya qaydaları təsdiqləndi

20 Aprel, 2019 11:10 | İqtisadiyyat | Baxış sayı: 962
Yazmaq
Yazmaq

Yeni qaydaları baş nazir təsdiqləyib

Azərbaycan dilinin Orfoqrafiya Normaları təsdiqlənib. Bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərara əsasən yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən  “Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib. 

Yeni normalar isə belədir:

1. Azərbaycan mənşəli sözlərin yazılışı

1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözlər, əsasən, tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul, qaranquş və s.

1.2. Son səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan mənşəli sözlər q hərfi ilə yazılır: ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s.

1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi, birliyimiz, ürəyim, üzüyün və s. Qeyd. Son səsi [k] kimi tələffüz olunan alınma sözlərə saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir: əmlak – əmlaka, iştirak – iştirakımız, şərik – şəriki və s.

1.4. Son səsi [t], bəzən də [d] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır: bulud, palıd, söyüd və s.

1.5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: qılınc, ülgüc, kərpic və s.

2. Alınma sözlərdə saitlərin yazılışı

2.1. Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, professor, solist, velosiped və s.

2.2. İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır: külli, müdir, müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. 3 Qeyd. Mühüm, müşkül və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.

2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və s.

2.4. Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır: 2.4.1. aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent, maşın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi yazılmır; Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.

2.4.2. botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır.

2.5. Mənbə dildə birhecalı sözlər iki cür yazılır:

2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.;

2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.

3. Alınma sözlərdə samitlərin yazılışı

3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.; Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır.

3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır.

3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, Şors, borş və s.; 4 3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s.

3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s.

3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s.

3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.

3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s.

3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s.

3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s.

3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s. 3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. 

4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı

4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözlər qoşa saitlə yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.

4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [b kimi tələffüz olunan sözlər qoşa p ilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tappıltı, toppuz və s.

4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [g kimi tələffüz olunan sözlər qoşa k ilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s.

4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [d kimi tələffüz olunan sözlər qoşa t ilə yazılır: əlbəttə, hətta, Səttar və s.

5 4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [q kimi tələffüz olunan sözlər qoşa q ilə yazılır: diqqət, doqquz, nəqqaş, saqqal və s.

4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.

4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s. Belə sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s. Qeyd. Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız -siz şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri ixtisar olunur.

4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s.

4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose.

4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres. Qeyd. Press (mətbuat) sözü istisnadır.

5. Şəkilçilərin yazılışı

5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s. Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.

5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6- cı, 10-cu.

5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.

6. Mürəkkəb sözlərin yazılışı

6.1. Aşağıdakı hallarda sözlər bitişik yazılır: 6.1.1. bir vurğu ilə deyilən müxtəlifmənalı sözlər: arabir, balacaboy, beşillik, beşmərtəbəli, bugünkü, dilucu, əmioğlu, bacıoğlu, xalaoğlu, gülərüz, günəbaxan, hərgecəki, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qarasaçlı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümumbəşəri, yenifikirli və s.;

6.1.2. eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb isimlər: qaçaqaç, kəsəkəs, gəlhagəl, tutatut, vurhavur və s.; Qeyd. Sözün kökü kar samitlə bitdikdə, ahəng qanununa görə a, ə, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. Gethaget sözü istisnadır.

6.1.3. eyni sözün təkrarı və ba, bə bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün, ilbəil və s.

6.2. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-, makro-, mikro-, mini-, mono-, multi-, nano-, neo-, oksi-, oliqo-, paleo-, para-, post-, proto-, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-, ümummorfemləri olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub, aqromüxtəliflik, audioəlaqə, aviasalon, avtopark, endoplazma, mikrocərrahiyyə, elektromaqnit, fotoçəkiliş, miniavtobus, monopredikativ, monokristal, multimilyonçu, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, oksitetrasiklin, oliqofreniya, paleoxəritə, paramaqnetizm, postsovet, psixonevroloji, postmodernizm, prototürk, stereotəsvir, superdövlət, supermarket, teletamaşa, termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s. Qeyd. Bu morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda, defislə yazılır: trans-Asiya, trans-Avropa, trans-Avrasiya, transQafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-Azərbaycan, ümum-Avropa və s.

6.3. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır:

6.3.1. qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz, qara-qura, qonaq-qara, sürsümük və s.;

6.3.2. tərkibində art-, eks-, əks-, kontr-, qeyri-, ober-, veb-, vitse- morfemləri olan mürəkkəb sözlər: art-obyekt, eksprezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, oberleytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral;

6.3.3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət və s.;

6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çaları bildirən ala sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər: açıq-sarı, tünd-göy, ala-seyrək və s.

7. Köməkçi sözlərin yazılışı

7.1. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik), saitlə bitən zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: uşaq idi, uşaq ikən, uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli idi, gəlməli ikən, gecə idi, gecə ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi və s. Qeyd. Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlər ilk saiti buraxılaraq, y bitişdiricisinin əlavəsi ilə bitişik də yazıla bilər: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s.

7.2. Qoşmalar iki cür yazılır: 7.2.1. təkhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək və s.; 7.2.2. ikihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün) aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün və s.

7.3. Mənşəcə mürəkkəb olan bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki və s.

7.4. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə, buna görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, kim ki, o zaman ki, onda ki və s.

7.5. Ədatlar aid olduqları sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki və s. -mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Oxudumu? A koskosa, gəlsənə, torbanı doldursana! Yaxşıca dincəldim. İndicə gəlmişik və s.

7.6. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay və s.

7.7. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.