Varlılar üçün qış keyfi

19 Dekabr, 2017 16:59 | İqtisadiyyat | Baxış sayı: 284
Şahdağ istirahət mərkəzi
Şahdağ istirahət mərkəzi

Yoxsullar evdə otursalar yaxşıdır

Artıq qış mövsümünə start verən "Şahdağ" qış-yay turizm mərkəzində qiymətlər yerləşən hotellərdə qalma xərci çox yüksəkdir və bu qiymətlər kasıb təbəqənin cibinə uyğun deyil.

İstiPres-in şimal bürosunun apardığı müşahidələr belə deməyə əsas verir. Bu məşhur istirahət məkanında 3 beşulduzlu, 1 dördulduzlu, 1 üçulduzlu hotel fəaliyyət göstərir. Həmin otellərdə qiymətlər 140 manatdan 270 manat arasındadır və bu, həftəiçi, turistin sayı və otağın quruluşuna görə dəyişir.

Bu qiymətlər bayram günlərində daha da bahalaşır. Məsələn, yeni il tətilində bu hotellərdə qiymətlərə burada təşkil edilən xüsusi yeni il əyləncələri və şoularda iştirak etmələri də əlavə olunanda bir gecə qalmağın qiyməti kəllə çarxa çatır.

Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayevanın sözlərinə görə, bu qiymətlər adi günlərdə dəyişmir. Bayram günlərində hotellərdə qalmaq istəyən turistlərə 3 günlük - məsələn, 31 dekabrdan 3 yanvaradək 3 günlük paket verilir ki, bura bütün yeni il əyləncələri və gündə 3 yemək daxildir. Bu paketin qiyməti isə 1 nəfər üçün 860 manatdır.

"Şahdağ"da bu qış mövsümündə də turistlərə 13 qış əyəncəsi təklif olunub, 11 kanat yolu və 3 xizək yamacı turistlərin istifadəsində olacaq. Əyləncələrin qiymətlərilə də maraqlandıq. Məsələn, qarda tubinq əyləncəsində 3 dəfə eniş eləmək 1 nəfər üçün 4 manat, 5 dəfə eniş zamanı 5 manat, xizək izi maşınında gəzintidə 1 saat üçün 28 manat ödəmək lazımdır.

Gülnar Mustafayeva  bildirib ki, xizəkdə sürüşmək və kanat yola qalxmaq üçün bulet alınmalıdır, biletin qiyməti 20 manatdır, 1 nəfər üçün xizəkdə sürüşmək üçün 1 günlük 25 manat, uşaqlar üçün isə 23 manat ödənilməlidir. Kanata minmək isə 1 nəfərə 8 manata, uşağa isə 5 manata başa gəlir. Mərkəzdən onu da öyrəndik ki, bu qış mövsümündən turistlərin istifadəsinə paraplan uçuşları - dağ paraşütü də verilib. İki start nöqtəsindən ibarət olan bu uçuşlarda qiymətlər 1-ci uçuş zamanı 100 manat, ikinci uçuş zamanı 150 manat təşkil edir. Gülnar Mustafayeva deyir ki, mərkəzdə əhalinin kasıb təbəqəsinin və uşaqların istifadəsi üçün heç bir maneə yoxdur. Onlar əyləncə növlərindən sərfəli qiymətlərlə seçim edə bilərlər və edirlər.

Ümumiyyətlə, indi 6-cı qış mövsümünə start verən bu məşhur məkana yüz minlərlə turist axın edib. Aldığımız məlumata görə, təkcə son bir ilin qış mövsümündə "Şahdağ"a 95 min turist istirahətə gəlib ki, onlardan 40 faizi əcnəbi turistlər olub.

Göründüyü kimi ,"Şahdağ"dakı qiymətlər imkanı az olan insanlara sərfəli deyil. Qusara istirahətə gələnlər rayondakı 15 istirahət mərkəzinə də baş çəkə bilərlər. Xaçmaz regional mədəniyyət şöbəsinin Qusar nümayəndəsi David İbramxəlilov məlumat verdi ki, rayonun istirahət mərkəzlərində 1 nəfər üçün 1 günlük qiymətlər 20 manatdan 180 manadək dəyişir. Şahdağın yaxınlığında yerləşən bir istirahət mərkəzində 1 nəfər üçün yeni il tətili zamanı 3 günlük qalma xərci az qala 1000 manata çatır, burada 1 nəfər üçün təkcə restorana giriş 150 manat təşkil edir. Beləliklə, müşahidələrimizə əsasən deyə bilərik ki, Qusarda “Şahdağ" və digər məşhur istirahət mərkəzində qiymətlər çox yüksəkdir və aztəminatlı ailələr bu məkanlardan istifadə etməkdən çox uzaqdırlar.