Azərbaycanın xaricdə qoyduğu ən böyük sərmayə

18 Oktyabr, 2018 20:35 | İqtisadiyyat | Baxış sayı: 276
İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin rəhbəri
İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin rəhbəri

SOCAR bu zavodun açılışına 6,3 milyard dollar xərcləyib

Sabah İzmirdə açılan “Star” neftayırma zavodu indiyə kaimi Azərbaycanın xaricdə qoyduğu ən böyük sərmayədir.

İstiPress-ə bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

“SOCAR ümumiyyətlə bu layihəyə 6,3 milyard dollar sərmayə yatırıb - bütün  pullar Azərbaycana məxsudur.  1,4 milyard dollar Dövlət Neft Fondunun vəsaitidir. 2,9 milyard SOCAR tərəfindən kredit kimi götürülüb. Qalan pullar isə SOCAR xətti ilə Azərbaycan tərəfindən təmin ediilb. Azərbaycan bundan əvvəl “Petkim”ə 2,04 milyard dollar sərmayə yatırmışdı”,- deyə ekspert vurğulayıb.

İlham Şabanın fikrincə, SOCAR-ın bu addımını yetərincə uğurla saymaq olar: “Bu, SOCAR-ın Türkiyə bazarına əsaslı yerləşməsi deməkdir. Şirkət qoyduğu sərmayəni çıxardıqdan sonra ildə 500 milyon dollar gəlir əldə edəcək ki, həmin pulların önəmli hissəsi vergi kimi büdcəyə yönələcək”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri düşünür ki, Dövlət Neft Fondu vəsaitlərinin bu zavoda yönəldilməsi Azərbaycanın neft gəlirlərinin gələcək nəsillər üçün qorunm ası işinə xidmət edir: “Neft Fondu uzun illər öz səhmlərindən dividend əldə edəcək”.

Qeyd edək ki, SOCAR-ın törəmə müəssisəsi “SOCAR Türkiye” tərəfindən tikilmiş “Star” neftayırma zavodunun açılışı sabah olacaq və rəsmi mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Əsası 2014-cü ildə qoyulmuş zavodda ildə 10 milyon ton xam neft emal ediləcək. Burada hazırda Türkiyənin idxal etdiyi neft məhsulları istehsal ediləcək. O cümlədən 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton aviasiya yanacağı, 1,6 milyon liqorin və s. istehsal ediləcək.

"Star" neftayırma zavodu - İzmir, Türkiyə
"Star" neftayırma zavodu - İzmir, Türkiyə