Manatla nə baş verir?

16 Mart, 2020 10:46 | İqtisadiyyat | Baxış sayı: 312
Manat
Manat

Ticarət tərəfdaşlarımızın valyutaları ucuzlaşıb

Azərbaycan manatının ABŞ dolları qarşısında sabitiliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması baş verir. Mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5 faiz, rus rublu 9,8 faiz, türk lirəsi 1,4 faiz, Ukrayna qrivnası 5,9 faiz, Çin yuanı 0,39 faiz və qazax təngəsi 6,7 faiz dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb.

Bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edərkən deyib.

V.Qasımlı qeyd edib ki, real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır:

"Əgər 2000-ci ildə manatın real effektiv məzənnəsini bençmark olaraq 100 qəbul etsək, onda 2020-ci ilin əvvəlində bu göstərici 93,3 səviyyəsində olub. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın ABŞ dolları qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır".

Mərkəz rəhbəri vurğulayıb ki, manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir. Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabətqabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir.