Bakıda DTX, FHN və Milli Məclisi hədəfə götürmüş təhlükə

15 İyul, 2019 15:37 | İqtisadiyyat | Baxış sayı: 579
Güzdəkdə dağı bu cür yox edirlər
Güzdəkdə dağı bu cür yox edirlər

Küləyin yönəltdiyi radiasion hücum dalğası

Abşeronun Güzdək kəndində yerləşən 30-dan çox daş karxanası həm qəsəbənin özü, həm yaxın qəsəbələr, həm də paytaxt Bakının mərkəz hissəsi üçün ölüm yayan fəlakət mənbəyinə çevrilib.

İstiPress-in araşdırmasına görə, qəsəbənin ətrafında çoxu icazəsiz işlədilən bu daş karxanalarında heç bir ekoloji təhlükəsizlik normasına əməl edilmir və havaya qalxan tozlar qəsəbədə nəfəs almanı çətinləşdirir və nəticədə tənəffüs yolu xəstəliklərinin geniş yayılmasına səbəb olur.

Güzdəkdə daş karxanaları heç bir normativə əməl etmir
Güzdəkdə daş karxanaları heç bir normativə əməl etmir

Bunu statistik göstəricilər də təsdiq edir. Statistikaya görə Abşeron rayonunun sakinləri tənəffüs yolu xəstəliklərinə - vərəmə, astmaya, ağ ciyər xərçənginə paytaxt Bakı ilə müqayisədə iki dəfədən artıq yaxalanırlar. Sonuncu dəfə belə bir statistika 2011-ci ildə aparılıb və Abşeronun 200 min sakininin 33 mininin, yəni hər 6 nəfərdən birinin tənəffüs yolu xəstəsi oldğu ortaya çıxıb. Həmin il Bakının 2,2 milyon nəfər sakinindən 186 mini, yəni hər 12 nəfərdən biri  tənəffüs yolu xəstəliklərinə düçar olublar.

Əksinə, tam tərsinə olmalıdır - Abşeron rayonuna daxil olan Xırdalan, Masazır, Mehdiabad və Fatmayı qəsəbələri öz quru iqliminə görə bütün Azərbaycan üzrə tənəffüs yolları xəstəliklərinə tutulma baxımından ən aşağı risk zonası sayılır. Çünki Abşron rayonunda yerləşən Masazır gölünün ətrafında yaşamaq belə xəstələrə müalicəvi təsir göstərir. Yəni Abşeron rayonu bu baxımdan hər gün 850 min avtomobilin küçələrə tüstü qazı buraxdığı, mərkəzində iki neftayırma zavodunun işlədiyi Bakı ilə eyni ola bilməz.

Güzdəkdə daş karxanaları yerin relyefini məhv edir
Güzdəkdə daş karxanaları yerin relyefini məhv edir

Araşdırmalar göstərir ki, Abşeron rayonunun əhalinin gur yaşadığı həmin rayonlarında vəziyyət yenə də əvvəlki kimi əlverişlidir, yəni yaşıllığın və oksigenin bol olduğu, quru iqlimli bu yaşayış massivlərində vəziyyət doğrudan da Bakı ilə müqaysidə xeyli yaxşıdır - rayonun ümumi göstəricsi ümumiyyətlə onun qərb zonasında yerləşən qəsəbələrin - Qobu, Hökmli və xüsusilə də Güzdək qəsəbələrinin hesabına pisləşir. Bu qəsəbələr içində ən ağır vəziyyət Güzdəkdədir və qəsəbəyə ilk gələn insan nəfəs almağın daha çətin olduğunu anlayır. Qəsəbədə yarım saatdan bir az artıq aqalan insanın tənəffüs orqanlarında yığılan qara toz qatı açıq gözlə müşahidə edilir. Bu isə ilk növbədə Güzdək sakinləri üçün təhlükə yaradır. 

Güzdək qəsəbəsi 30-dan çox daş karxanasının ortasında qalıb
Güzdək qəsəbəsi 30-dan çox daş karxanasının ortasında qalıb

İlkin araşdırmalara görə, Güzdək kəndində orta yaşlıların təxminən 45%-i, yeniyetmələrin isə 70 faizə qədəri müxtəlif növ tənəffüs yolu xəstəliklərindən əziyyət çəkir. Azyaşlılarda isə vəziyyət daha dəhşətlidir - göstərici 90 faizə qədər çatır.  Güzdək kəndinin dörd tərəfi daş karxanaları ilə əhatələndiyindən küləyin istiqamətindən asılı olmayaraq, kənd həmişə toz dumanının içində olur. Havada asılı qalan bu toz çöküntü vermir və alnız Güzdək qəsəbəsini deyil, yaxınlıqdakı Qobu, Hökməli və Lökbatan qəsəbələri ilə yanşı, Bakının elitar Badamdar və Yasamal yaşayış massivlərini, həmçinin şəhər mərkəzini hədəfə götürür. Çünki Güzdək qəsəbəsini əhatələmiş fəlakət zonasından Milli Məclisə düz xətlə cəmi 7 kilometr məsafə var. Bakının mərkəz plato hissəsinin eninin 25 kilometr olduğu nəzərə alınsa, bu, çox yaxın məsafədir. Bakıda daha çox müşahidə edilən mülayim, yəni 12-15 m/san sürətli şimala-qərb küləyində həmin toz 7 dəqiqədən sonra Milli Məclisə çatır. Arada Badamdarın kiçik həyət evlərindən başqa elə bir ciddi maneə olmadığından Güzdək karxanalarının tozu iri binaların sıralandığı ilk təbii divarda - Milli Məclis - Müdafiə Nazirliyi - DTX - FHN xəttində sürətini azaldır və binaların arasına dolaraq uzun müddət orada qalır.   

Sözügedən frontal zonada Azərbaycanı idarə edən inzibati və strateji mərkəzlər - AzTV, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti (DTX), Fövqəladə Hallar Nazirliyi (FHN) yerləşir, Prezident Administrasiyasının və Nazirlər Kabinetinin də yaxınlıqda yerləşdiyini nəzərə alsaq, bu təhlükə Azərbaycanın həyatına - bu gününə və sabahına məsuliyyət daşıyan insanları hədəfə götürür.       

Daş karxanalarının istismarı zamanı heç bir norma və qaydalara əməl edilmədiyindən bu tozun radiasion olma təhlükəsi də var. Dünya praktikasına görə, daş karxanaları ərazinin relyefinə uyğun terrasvari və müəyyən dərinlikdə istismar olunmalıdır. Bu zaman yerin üst qatınını torpağı kənarda saxlanır, terrasda istismar bitdikdən və yeni terrasa keçdikdən  sonra əvvəlki yerinə qaytarılır, üzərinə ağac əkilir. Bunu Azərbaycana yaxın ərazilərin, məsələn Dərbəndin misalında yaxından görmək olar. Bu şəhərdə 1952-1968-ci illərdə fəaliyyət göstərmiş daş karxanasının terraslarında şitillik yaradılmış və şəhərin yaşıllaşdırılmasında  istifadə edilir. 1970-ci ildə daş karxanasının çalasını xüsusi işlədikdən sonra onu suvarma və məişətdə işlətmək üçün şirin su ilə  doldurublar. Hazırda həmin sututarı bu məqsədlə işlədilir və sahilində sağlamlıq-istirahət mərkəzi tikilib. Hazırda keçmiş daş karxanasının yerində şəhərin ən bahalı restoranları yerləşir və zəngin insanlar üçün nəzərdə tutulmuş otellər və kotteclər tikilib.   

Dərbənd ətrafında keçmiş daş karxanasının yerində yaradılmış göl və istirahət zonası
Dərbənd ətrafında keçmiş daş karxanasının yerində yaradılmış göl və istirahət zonası
Güzdəkdə yol kənarına gözdən pərdə asmaq üçün əkilmiş ağaclar
Güzdəkdə yol kənarına gözdən pərdə asmaq üçün əkilmiş ağaclar

Güzdəkdə isə terras üsulu ilə istismardan əsər-əlamət yoxdur və  yol kənarında gözdən pərdə asmaq üçün əkilmiş bir neçə ağac belə quruyub. Qəsəbənin ətrafında onlarla dərin çalalar istismardan sonra başlı-başına buraxılaraq tərk edilib. Çalaların dərinliyi bəzər 50-60  metrə qədər çatır və çevrə üçün böyük təhlükəyə səbəb olur. Karxanaları qrunt sularına qədər qazırlar ki, bu da bəzən yerin təkindən radiasion suxurların üzə çıxmasına səbəb olur. Nəticədə, tənəffüs yolları xəstəlikləri ilə bağlı vəziyyət daha da ağırlaşır. Halbuki, peyk xəritəsindən də görmək olur ki, kəndin ətarfındakı karxana zonası iç-içə girən iki amfiteatrdan ifarətdir, yəni rahatlıqla yerin relyefinə xələl gətirmədən terras üsulu ilə istismar edilə bilərdi.  Halbuki, indi vəziyyət həddindən ağırdır - kəndin ətrafında yerləşən və havanın mülayimləşməsində böyük rol oynayan 5 dağ tamamilə yox edilib, üstəgəl 50-60 metr dərinlikli uçurum quyuları yaradılıb.

Daş karxanalarının əritdiyi dağın bir neçə il əvvəlki (yuxarıda) və indiki (aşağıda) şəkli
Daş karxanalarının əritdiyi dağın bir neçə il əvvəlki (yuxarıda) və indiki (aşağıda) şəkli

Bu 5 dağın dağıdılması kənd təsərrüfatına da böyük ziyan vurub - həmin dağlarda iri qışlaqlar yerləşirdi və vaxtilə şimal rayonlarından gələn sürülər qış vaxtı oralarda bəslənirdi. İş dairələrində gəzən söhbətlərə görə, həmin ərazilər indi də qışlaq kimi rəsmiləşdirilib, karxanalarda ferma tipli tikililərin olması da bundan xəbər verir. Güzdək qəsəbəsinin ətrafındakı otlaq sahələrinin bu günə salınması vaxtilə iri heyvandarlıq mərkəzi olmuş bu yaşayış məntəqəsində həyatı çətinləşdirib - qəsəbə sakinlərinin saxladığı 5-10 inək ətrafda ot tapa bilmədiyi üçün kəndin küçələrində, qəbristanlıqda otlamağa məcburdur. 

Güzdək qəsəbəsinin içində otlamağa məcbur edilən inəklər
Güzdək qəsəbəsinin içində otlamağa məcbur edilən inəklər

Karxanaların rəsmi olmaması bu işə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən lazımi nəzarət edilməsini imkan vermir. Düzdür, Muxtar Babayev vəzifəyə təyin edildikdən sonra bu məsələ nəzarətə götürülüb. Nazirlikdən göndərilən material əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində 21 cinayət işi məhkəməyə göndərilib. 21 milyondan artıq ziyanın vurulması müəyyən edilib. 10 milyon 500 mindən artıq vəsaitin dövlət hesabına ödənilməsi təmin edilib. Həmin cinayət işləri ilə bağlı 1 milyon 250 min manatdan artıq əmlaka həbs qoyulub.  Lakin belə görünür ki, bu, azdır və Güzdək karxanalarının işinə təsir edə bilmir. Bu məsələdə bütün dövlət qurumları, ictimai birliklər bu işdə nazirliyə kömək etməlidir. Əks halda, ekoloji fəlakət zonasına çevrilmiş Güzdəkdə vəziyyət gündən günə, aydan aya pisləşəcək və zona Bakı üçün tənəffüs yolu xəstəlikləri , xüsusilə də ağ ciyər xərçəngi yayan mərkəzə çevriləcək.