Şeyx "halal" sertifikatlı kolbasaları yeməməyə çağırdı

15 May, 2018 13:17 | İqtisadiyyat | Baxış sayı: 310
Azərbaycanda istehsal edilən kolbasa məhsulları
Azərbaycanda istehsal edilən kolbasa məhsulları

"Orucluq ayında bu cür kolbasaların istehlakında diqqətli olmaq lazımdır”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkədə şübhəli şəraitdə istehsal edilən kolbasaların halal adı altında satılmasından da narahatlığını bildirib.

İstiPress-in məlumatına görə, Ramazan ayının başlanması ilə bağlı təbirdə çıxış edən Şeyxülislam bildirib: “Üstünə “halal” yazılan kolbasalara halallığı kim ver? Halallığı dini idarə verə bilər. Orucluq ayında bu cür kolbasaların istehlakında diqqətli olmaq lazımdır”. 

Şeyxin bu xəbərdarlığının səbəbi var. Ölkənin aparıcı "halal" kolbasa istehsalçılarının birinin 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəlində "Halal" adı ilə buraxdığı kolbasanın üzərində xırda hərflərlə donuz əti olduğu qeyd edilirdi. Həmin vaxt şirkətin rəhbərinə üz tutan jurnalistlər qəribə cavab almışdılar: "Ümumiyyətlə, donuz əti olmadan kolbasa istehsalı mümkün deyil. Bir də ki, "Halal" kolbasanın marka adıdır, mən bu adla patentləşdirmişəm, bunun İslama dəxli yoxdur", - deyə şirkətə hələ də rəhbərlik edən iş adamı o vaxt bildirmişdi. İndi həmin iş adamı ölkəyə Hindistandan ət ixracına nəzarət edənlərdəndir və iddia edir ki, kolbasanı düzəltdiyi ət qocalıb, əldən düşüb öldükdən sonra ətə çevrilən "müqəddəs" hind inəklərinə yox, İslami qayda ilə kəsilən cavan cöngələrə məxsusdur. Amma nədənsə, onun ölkəyə idxal etdiyi hind inəklərinin ətinin kiloqramının qiyməti 1-2 dollar ətrafında dəyişir.