ASAN viza-nın qiyməti bilindi - 2 dəqiqə lazım olacaq YENİLƏNİB

15 May, 2018 09:55 | İqtisadiyyat | Baxış sayı: 269
ASAN viza
ASAN viza

Heydər Əliyev hava limanında 14 terminal quraşdırılıb

Heydər Əliyev adına Beynəlxalq Hava limanında ASAN viza vasitəsilə əcnəbilərin ödəyəcəyi rüsumlar açıqlanıb. “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev deyib ki, "ASAN viza"nın qiyməti 20 dollardır. Viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. 

Heydər Əliyev hava limanında "ASAN viza"nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir: "Əcnəbi rüsumu online və banka yaxınlaşıb ödəyə bilər". Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərəcək.

Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.

Aeroport 24 saat işlədiyi üçün Dövlət Agentliyi də sistemi ona uyğun qurub. İşçilər növbətçilik rejimində işləyəcək. 

Növbəti bir ay ərzində Gəncə, Lənkəran, Qəbələ və digər hava limanları "ASAN viza" sisteminə keçəcək.  

Saat 09:05

Bu gündən Azərbaycanda viza almaq asanlaşır. Belə ki, mayın 15-dən etibarən 15 dövlətin vətəndaşları Azərbaycanın hava limanlarında “ASAN Viza” sistemi ilə viza ala biləcəklər.

Yenilikdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur,Türkiyə, İsrail,  Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları faydalanacaq. 

Prezident İlham Əliyev bu barədə fərmanaı fevral ayaında imzalayıb. Sənəd viza verilməsi prosedurunu təkmilləşdirmək, bu sahədə müasir informasiya texnologiyalarını tətbiq etməklə operativliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. ASAN-a ölkədəki  beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etmək tapşırılmışdı. 

2017-ci ilin yanvar ayından “ASAN Viza” sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Bu ilin mayına kimi 420 minə yaxın əcnəbiyə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib.