Azərbaycanın Xoşbəxt oğlu

15 Yanvar, 2020 17:55 | İqtisadiyyat | Baxış sayı: 116
Heydər Əliyev və Xoşbəxt Yusifzadə
Heydər Əliyev və Xoşbəxt Yusifzadə

Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadə 90 yaşını qeyd edir

Dünyanın çağdaş sənaye inkişafının əsas hərəkətvericilərindən biri neft sektorudur. Qlobal energetikanın kökündə dayanan neft dünyanın aparıcı iqtisadiyyatlarının həyat mənbəyidir. Neft hasilatı bu günün çağırışıdır və bu çağırışın gerçəkləşdirilməsi geoloqların apardığı geoloji-kəşfiyyat işlərindən başlayır. Baxmayaraq ki, dünyanın böyük hissəsində adətən "geoloq" və "şöhrət" sözləri yanaşı işlənmir, amma sözsüz ki, istisna insanlar var və o insanlar üçün bu iki anlamı bir-birindən ayrı düşünmək olmur. Yəni, geoloqların içində də bu iki anlamı özündə birləşdirən, hamının tanıdığı və sevdiyi insanlar var. Xoşbəxt Yusifzadə də belə uğurlu örnək insanlardandır.

İstiPress-in məlumatına görə, bu sözlər BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimlinin görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə AZƏRTAC-da dərc olunmuş məqaləsində yer alıb. Müəllif məqalədə Xoşbəxt Yusifzadəni bir insan kimi hər kəsin sevimlisinə çevirən özəlliklərdən bəhs edir. Aşağıda məqalədən bəzi hissələri dərc edirik:  

İstedadlı bir geoloq olmaqla yanaşı, X.Yusifzadə misilsiz yumor hissi sayəsində geniş və vacib auditoriyaları idarə etməkdə də xüsusi istedada malikdir. Yumor həyatımıza xoş əhval-ruhiyyə verən bir hissdir. X.Yusifzadə əhvalatları gözəl danışmaqda mahirdir və öz çıxışlarına məharətlə zarafat və lətifələr əlavə edərək xüsusi dad verir. O, sözlərini Azərbaycanda və Yaxın Şərqin digər ölkələrində çox populyar olan çoxsaylı maraqlı hekayələrin baş qəhrəmanı olan Molla Nəsrəddinin lətifələri ilə zənginləşdirir. X.Yusifzadə Molla Nəsrəddinin yumor və hazırcavablığını, habelə atalar sözlərini söhbətin təbii axınına uyğunlaşdırmaqda ustadır.

Həyatı boyunca X.Yusifzadə bir çox dünya liderləri ilə görüşüb, onlara Xəzər bölgəsindəki neft və qaz yataqlarının işlənməsi ilə bağlı mürəkkəb məsələlər barədə məlumat verib. Bu isə asan məsələ deyil. Lakin o, məlumatları çatdırarkən həmin məlumatları yumor hissi ilə gücləndirməklə, söhbətə mövzu ilə bağlı məzəli hekayələr qatmaqla həmsöhbətlərinin diqqətin cəlb etmək baxımından inanılmaz istedad sahibidir. Bəzən X.Yusifzadənin yaxınları ondan ciddi məlumatlar çatdırarkən dünya liderlərini necə güldürə bildiyini soruşurlar. Onlar başa düşürlər ki, yerinə düşməyən bir zarafatın söylənilməsi onları tez bir zamanda çıxılmaz vəziyyətə sala bilər. Əlbəttə, burada Xoşbəxt Yusifzadənin istedadı həmişə öz bəhrəsini verir: dünya liderləri əyləndikdə və güldükdə, bu, məlumatları daha rahat bir mühitdə çatdırmağa, onlarla xoş ünsiyyət qurmağa imkan verir. Liderləri güldürə bilmək həqiqətən fantastik bir hissdir. Onlar ürəkdən gülür və münasibətləri dəyişir. Dünya liderləri özlərini təmtəraq və əzəmətdən azad hiss etmək istədikləri hallarda, hansı problemləri həll etmələrindən asılı olmayaraq orada həmişə X.Yusifzadə kimi ab-havanı yumşaldan və müxtəlif həyati mövzularda yumorla ibrət dolu əhvalatlar danışan insanlar olacaq.

Xoşbəxt Yusifzadə təcrübə ilə zəngin bir ömür sürmüş və həyatın verdiyi müxtəlif dərslərdən çox şey öyrənmiş bir insandır. Kitablardan və ya illər boyu davam edən təhsildən əldə edilə bilməyən çox qiymətli təcrübə bizə sitatlar vasitəsilə gəlib çatır – bu sitatların bəziləri qızıl hərflərlə yazılmalıdır. X.Yusifzadə, bu böyük şəxsiyyət, istənilən bir sitatı və ya atalar sözünü canlandıraraq sizi dərhal ilhamlandıra bilər. İnsanlar onun sərbəst ünsiyyət tərzinə heyran qalırlar. SOCAR-ın birinci vitse-prezidenti X.Yusifzadə Azərbaycanın neft sənayesinin canlı əfsanəsi və canlı ensiklopediyasıdır, onun hekayələrini dinləmək hamı üçün tarixi ana çevrilir.

Xarici nümayəndə heyətlərinin Azərbaycana yüksək səviyyəli səfərləri zamanı hökumət rəsmiləri çox vaxt regionda neft-qaz sənayesi ilə bağlı dəyişikliklərlə maraqlanırlar, o cümlədən Bakı yaxınlığında ölkənin ən vacib strateji aktivi olan Səngəçal terminalına baş çəkirlər. Bu səfərlər çərçivəsində ev sahibliyi etmək BP üçün çox böyük bir şərəfdir və mən bu xarici nümayəndə heyətlərini bu böyük şəxsiyyətlə birlikdə müşayiət etmək şərəfinə nail oluram. Bu səfərlər Azərbaycanın neft-qaz sənayesinin inkişafını daha yaxşı başa düşməyə imkan verən terminal qurğuları ilə tanışlığı əhatə edir.

Xoşbəxt Yusifzadə və Qivami Rəhimli Çexiya dövlət başçısı Vatslav Klausla birlikdə
Xoşbəxt Yusifzadə və Qivami Rəhimli Çexiya dövlət başçısı Vatslav Klausla birlikdə

Həmin tədbirlər zamanı X.Yusifzadə həmişə səfər proqramının və hazırlıq işlərinin detallarını müzakirə etmək üçün hamıdan əvvəl gəlir. Bütün təşkilati işlər tamamlandıqdan sonra, onu həmişəki kimi hər kəslə və istənilən şəxslə müxtəlif söhbətlər apardığını görə bilərsiniz. Bir dəfə dövlət rəsmilərindən ibarət nümayəndə heyəti Səngəçal terminalını ziyarət edən Çex Respublikasının Prezidenti ilə gəlmişdi və X.Yusifzadə məndən Çexiya Prezidentinə BP adından ehtiram əlaməti olaraq nə verəcəyimi soruşdu. Daha sonra o, içərisində SOCAR-ın hədiyyəsi, yəni, içərisində qızıl medallı şüşə qab olan kiçik bir taxta qutu götürdü. Bundan bir neçə saniyə sonra şüşə qutu onun əllərindən sürüşərək yerə düşdü və qırıldı, saniyələr öncə əlində olan şüşə qutudan əsər-əlamət qalmadı. Hər kəs pərt oldu, canlı söhbətlərin yerinə bir anda məyusluq hissi ilə dolu sakitlik çökdü. Bu gərginliyi aradan qaldırmaq və hamını ürəkləndirmək üçün X.Yusifzadə çox yaxşı bacardığı işi gördü və Molla Nəsrəddindən lətifə danışdı: “Bir gün Molla Nəsrəddinin həyat yoldaşı vəfat edir və camaat Mollaya başsağlığı verməyə gəlir. Başsağlığı qəbul etməkdən yorulan Molla Nəsrəddin mərasim başa çatdıqdan sonra dönüb adamlara deyir: "Əşi, qanınızı qaraltmayın, onsuz da boşayacaqdım onu".

Daha bir rəsmi nümayəndə heyətini qəbul etdiyimiz başqa bir tədbirdə X.Yusifzadə dənizdə işləməklə bağlı çətinliklərdən danışırdı. O, dənizdə 10 il işləyib, çətinliklərlə və təhlükəsizlik problemləri ilə üzləşib. Təhlükəsizlik prioritetdir və əgər qaydalara riayət etmirsinizsə, bunun özünüz və platforma üçün fəsadları ağırdır. X.Yusifzadə narahatlığını ifadə edərək vurğuladı ki, təhlükəsizlik hər kəs üçün vacibdir və neft hasilatında əsas dəyərlərdən biridir. Qəzalara və bədbəxt hadisələrə yol verməmək üçün hər kəs təhlükəsizliyə ciddi yanaşmalıdır. O, tövsiyəsini Molla Nəsrəddinin daha bir lətifəsi ilə başa çatdırdı:

Bir gün Molla Nəsrəddindən soruşurlar: “Meyiti qəbiristanlığa aparanda tabutun sağ tərəfində getmək yaxşıdır, yoxsa sol?” Mollanın cavabı ibrətamiz olur: “Çalış, tabutun içində getmə. Sağın, ya da solun elə bir fərqi yoxdur”.

X.Yusifzadə öz həyatında bir çox çətinliklərin öhdəsindən gəlib. O, dənizdə dəhşətli hadisələrin, həmçinin Xəzərdəki dəniz platformalarında işləyən neftçilərin itkilərinin şahidi olub, həyatında bir çox təhlükəli və çətin hallarla üzləşib. Onun yaxın həmkarlarının və dostlarının çoxu dünyasını dəyişib. O, iki oğlunu itirib. Ağır xəstəlik keçirib və müalicə olunaraq sağalıb. İllərin acısı onu çox az dəyişib, o, hələ də nikbindir və həmişə ümidlə həyatdan yaxşı hadisələr gözləyir. Xoşbəxt Yusifzadənin əvvəl olduğu kimi indi də eyni həvəslə çalışdığını, müxtəlif konfrans və tədbirlərə rəhbərlik etdiyini, dəyərli məsləhət və təcrübəsini neftçilərlə bölüşdüyünü indən belə də görəcəksiniz.

Göründüyü kimi, X.Yusifzadəni xoşbəxt edən səbəblərdən biri də ətrafındakılar üçün xoş xatirələr yaratmasıdır. Onun həyat hekayəsi iki kitab ("Ömrümün illəri və izləri" (2010) və "Biblioqrafiya" (2019)) şəklində nəşr edilib. O, həmin kitabları mənə də hədiyyə edib.

Bu kitablarda onun çox bənzərsiz hesab etdiyim və bir neçə dəfə oxuduğum zəngin ömrünün xatirələri və anları təsvir olunub. Bu gün Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Əminəm ki, onun 90 illik yubileyi bundan sonra da keçmişdə yaşanmış dəyərli xatirələri canlandıracaq və sabah üçün gözəl xatirələr yaradacaq.

90 yaşınız mübarək!