Regionda benzin kəskin bahalaşdı

14 Noyabr, 2017 16:39 | İqtisadiyyat | Baxış sayı: 339
Baha benzin
Baha benzin

Azərbaycanın da yerləşdiyi postsovet məkanında son günlər benzində kəskin bahalaşma müşahidə edilib. 

İstiPress-in məlumatına görə, şimal qonşumuz Rusiyada noyabrın 7-13-də “Ai-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Ai-92” markalı benzinin qiyməti isə 2,3% artıb. “Ai-95” benzinin bir tonu 44,99 min rubla, “Ai-92”-nin isə 42,82 min rubla qədər qalxıb. KİV-lər qeyd edir ki, bu cür artım Rusiya bazarı üçün xarakterik deyil. Adətən, oktyabr ayından topdansatış qiymətləri aşağı düşür.

Həmçinin, Gürcüstanda son 2 ayda benzinin qiymətində artım müşahidə olunur. Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi xəbər verir ki, benzinin qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Özbəkistanda isə benzin tapılmır. Bu gün yanacağı yalnız Daşkənddə almaq mümkündür, 70-100 kilometr aralıda isə tapmaq mümkün deyil.