Şərur Sənaye Məhəlləsi yaradılır

14 Sentyabr, 2019 10:32 | İqtisadiyyat | Baxış sayı: 25
Şərur
Şərur

Bu barədə prezident fərman imzalayıb

Prezident İlham Əliyev Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Fərman Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi daşıyır. 

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılır.

Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılır.