Prezident daha bir kompleksi işə saldı FOTO, YENİLƏNİB

14 May, 2018 13:40 | İqtisadiyyat | Baxış sayı: 156
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi

Prezident limanın ərazisini gəzib

Prezident İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.

Bu limanın inşası üçün ərazi təsadüfi olaraq seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir və buraya su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan bu gün dəniz nəqliyyatının inkişafının yeni, müasir inkişaf mərhələsinə qədəm qoyur.

 

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamın icrası olaraq başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. 

Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-8000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalmasını təmin edəcək.

Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb, 2 mövcud portal kranın isə modernləşdirilərək quraşdırılması işləri davam edir.

Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə 72 müxtəlif təyinatlı bina və qurğular inşa olunub, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi davam etdirilir. Burada qapalı və açıq anbarlar yaradılıb. Konteyner meydançasında eyni zamanda 1040 konteynerin yerləşdirilməsi, 64 soyuduculu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.

Tikinti prosesinə 1500-ə yaxın işçi qüvvəsi və 300-dək müxtəlif təyinatlı texnika cəlb edilib. Yeni liman kompleksinin Baş Planı və ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi, Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. İnşaat işləri liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılıb. Kompleksin ərazisində tikinti işləri yerli şirkət olan “Evrascon” ASC tərəfindən yerinə yetirilib.

“Yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib.

Saat 10:45

Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi olub.  Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına kompleks barədə məlumat verib. Prezident İlham Əliyev kompleksi işə saldı və limanın ərazisini gəzib.

Dövlət başçısı kollektivin üzvləri və inşaatçılar ilə görüşüb.