Bakıdan Tiflisə qatar getməyəcək, təyyarə uçmayacaq - sərhəd bağlandı

14 Mart, 2020 08:55 | İqtisadiyyat | Baxış sayı: 63
Bakıda qatarlar
Bakıda qatarlar

Bu gecədən on günlük müddətə sərhəddin nəqliyyat üçün bağlanması barədə qərar qəbul edilib

Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə əcnəbi vətəndaşların qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib. "Azərbaycan Dəmir Yolları" QSC-dən  verilən məlumata görə, alınmış biletlər üçün ödənilən məbləğ QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımalarının həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.

Gürcüstan və Azərbaycan arasında hava əlaqəsi də bağlanıb. Bununla əlaqədar “Buta Airways” aviaşirkəti bu gündən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır. Qərar martın 24-dək qüvvədə olacaq.

Qeyd olunan müddət üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.