ABŞ-da "Boeing"dən imtina etdi

14 Mart, 2019 08:47 | İqtisadiyyat | Baxış sayı: 56
Boeing 737 Max 8
Boeing 737 Max 8

İkinci təlimata kimi bu təyyarələrin havaya qalxması qadağan edilib

157 nəfərin ölümü ilə nəticələnən avia qəzadan sonra supergüc ABŞ da sərt addım atıb. İstiPress-in məlumatına görə, prezident Donald Tramp "Boeing 737 Max 8" və "Max 9"un uçuşlarını ikinci bir təlimata kimi dayandırıldığını açıqlayıb.

O, bu qərarı adıçəkilən modelin son beş ay içərisində iki dəfə qəzaya uğraması ilə izah edib. Lakin qeyd edib ki, "Boeing" çox gözəl şirkətdir və onların cavablarını gözləyir. 

"Bu məsələni şansa etibar etmək istəmədim. Doğru olanı etdiyimizi hiss edirəm. Amerika xalqının təhlükəsizliyi bizim üçün önəmlidir. Ümid edirəm ki, "Boeing" qısa zamanda cavablarını hazırlayacaq. Amma o zamana kimi təyyarələr yerdə qalacaqlar". 

Xatırladaq ki, son qəza bu bazar Efiopiyada baş verib. Havaya qalxan təyyarı cəmi 6 dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə hava gəmisində olan 157 nəfərin hamısı ölüb. Bu hadisədən sonra dünyanın bir çox ölkəsi "Boeing 737 Max 8" və "Max 9" təyyarələrinin uçuşlarını dayandırıb. Onların arasında Hollandiya, Fransa, Norveç, Türkiyə, Cənubi Koreya, Almaniya, Braziliya, Kolumbiya və s ölkələr də var.