Prezident nazirə: "Sadə sual verirəm, başlayırsan leksiya oxumağa"

14 Yanvar, 2020 08:28 | İqtisadiyyat | Baxış sayı: 411
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Samir Şərifovun cavabı İlham Əliyevi qane etmədi

Ötən gün prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Maliyyə naziri Samir Şərifov hesabat verib.

Bu zaman dövlət başçısı nazirdən xarici borcun azaldılması üçün nə qədər vəsaitin nəzərdə tutulduğunu soruşub. Samir Şərifov isə suala konkret cavab verməyib. Bu zaman Prezident nazirə irad tutub və "Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, ondan cavabı konkretləşdirməsini istəyib. İstiPress nazirlə prezidentin dialoqunu təqdim edir:

Prezident İlham Əliyev: Xarici borcun azaldılması üçün nə qədər vəsait nəzərdə tutulub?

Samir Şərifov: Möhtərəm cənab Prezident, dövlət borcunun uzunmüddətli idarə edilməsi ilə bağlı Sizin müəyyənləşdirdiyiniz strategiyaya uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Hazırda bizim birbaşa götürdüyümüz xarici dövlət borcumuz 17,2 faiz təşkil edir. Eyni zamanda, dövlət qurumlarının, yəni...

Prezident İlham Əliyev: Onlar aydındır, yəni, 17,2 faiz. Yəni, bu il nə qədər vəsait nəzərdə tutulub? Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa.

Samir Şərifov: Bu il 1,7 milyard manat məbləğində.

Prezident İlham Əliyev: Onda hansı səviyyəyə düşəcək?

Samir Şərifov: Cənab Prezident, biz bu il bəzi tədbirlər görməyi nəzərdə tuturuq. Sizə məruzə olunduğu kimi, biz bəzi daha bahalı borcları daha ucuz borclarla əvəz etmək istəyirik. Bununla əlaqədar bəzi tədbirlər 2019-cu ildə görülüb, 2020-ci ildə də görüləcək. Biz çalışacağıq ki, xarici dövlət borcumuz təxminən 1 faiz azalsın.

Prezident İlham Əliyev: Çalışın ki, daha da ensin.