Avropa Azərbaycan qazı ilə isinəcək

13 Dekabr, 2019 10:07 | İqtisadiyyat | Baxış sayı: 33
TAP-ın inşaası
TAP-ın inşaası

TAP-ın reallaşdırılmasının 90 faizi bitdi

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 90,7 faizi başa çatıb. TAP AG konsorsiumunun məlumatında qeyd edilir ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikintisi mərhələsi ilə davam etdirilir:

"Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. Noyabrın sonuna olan vəziyyətə görə, layihənin 90,7 faizi başa çatıb".

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.