Üç uşağı aparmış çayda yeni körpü

13 Noyabr, 2019 14:58 | İqtisadiyyat | Baxış sayı: 147

1 km yol da asfaltlaşdırılıb

Qubada 28 il əvvəl 3 uşağı aparmış çayda yeni körpü tikilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qubanın gur dağ çaylarından olan Cağacuq çayı üzərində yeni körpünün salınması məsələsi rayon İH başçısı Ziyəddin Əliyevin və Prezident Adminstrasiyasının məsul əməkdaşı Habil Əzməmmədovun iştirakı ilə Xanəgah kəndində yerli əhali ilə keçirilən səyyar qəbulda gündəmə gəlib.

Xanəgah kənd sakini Əlfida Əlibabayev rayon rəhbərindən kəndin ərazisindən keçən Cağacuq çayın üzərində körpü qoyulmasını istəyib və ürəkdağlayan bir faktı diqqətə çatdırıb:

"Kəndimizin ərazisində bu çay həmişə fəsad və faciə yaradıb. 1991-ci il may ayının 21-də ərazidə körpü olmadığından gur dağ sulu bu çaydan keçmək istəyən 3 uşağı aparıb. Dərsdən gəlirdilər. Bir oğlum, bir qızım və bir sakinin uşağı məktəbdən gələndə selin qurbanı oldu. İstərdik ki, illərdir hökm sürən bu problem həll olunsun, digər ailələr daha bu faciəni yaşamasınlar".

Bu il sentyabrın 26-da keçirilən səyyar qəbulda Əlfida Əlibabayevin bu təklifi kəndə gələn rayon başçısını və PA nümayəndəsini çox mütəəssir edib. Prezident İlham Əliyevin tapşırığı ilə dərhal Cağacuq çayın Xanəgah kəndi ərazisindən keçən hissəsində 2 körpünün inşa edilməsinə başlanılıb. Sürətlə görülən tikinti işləri nəticəsində kənddaxili bir körpünün inşası 1 ay bundan əvvəl, biri isə noyabrın 12-də istifadəyə verilib. Eni 4 metr  yarım və uzunluğu  9 metr yarım olan 2-ci körpü məhz 3 məktəblini aparan ərazidə rayonun daxili imkanları hesabına tikilib. Körpünün inşa edilməsinə ictimaiyyət nümayəndələrilə, rayonun hüquq-mühafizə orqanlarının rəsmilərilə gələn İH başçısı Ziyəddin Əliyev xanəgahlıları Konstitusiya Günündə istifadəyə verilən körpü münasibətilə təbrik edib. Onlara bir daha belə faciələr yaşamamağı arzu edən rayon rəhbəri yeni körpünün Girdah kəndinə gedən yola birləşdirildiyini, 1 km yolun da asfaltlaşdırıldığlnı deyib.

Yerli əhaliyə bu istiqamətdə görüləcək işlərin rayonda müntəzəm davam etdiriləcəyi bildirilib.