Putinin milyardları Azərbaycana bu yolla gələcək

13 Oktyabr, 2017 15:55 | İqtisadiyyat | Baxış sayı: 2422
Yeni əskinaslar
Yeni əskinaslar

Azərbaycanın əlində olan yeni təsir rıçağı

Noyabrın əvvəlində İranda keçiriləcək Putin - Əliyev - Ruhani sammitində, böyük ehtimalla, Şimal - Cənub nəqliyyat dəhlizi çərçivəsində Astara - Rəşt  - Qəzvin dəmir yolunun tikintisi məsələsi də müzakirə olunacaq.

İstiPress-in məlumatına görə, yük dövriyyəsi istifadəyə veriləndən sonra təxminən 15-20 milyon ton olacaq Astara - Qəzvin dəmir yolu ilə gələn yüklərin bir qismi oktyabrın 30-dan sonra açılacaq Bakı - Tiflis - Qars (BTQ) dəmir yolu vasitəsi ilə Avropaya daşınacaq.

Bu, nə vaxtsa BTQ ilə daşınan tranzit yüklərin 30 milyon tona, Azərbaycanın toplam tranzit ötürmələrinin isə 50 milyon tona qədər artırılmasına imkan verəcək. Müasir dünyada 1 ton yükün işlənməsi zamanı ölkəyə müxtəlif ödənişlər şəklində 50 dollara yaxın vəsaitin qaldığı nəzərə alınarsa, yaxın perspektivdə Azərbaycanın yalnız dəmir yolu vasitəsi ilə tranzit yük daşımalarından ildə 2,5 milyard dollara çatacağını güman etmək olar.

Amma bunlar gələcəkdə olacaq və hələlik bu istiqamətdə atılan ən böyük addım kimi BTQ üzrə tikinti işlərinin başa çatmasını göstərmək olar. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov BTQ-nin bu ayın sonunda istismara veriləcəyini bildirib. BTQ-nin açılması Azərbaycan Dəmir Yolları üçün çox önəmli məsələdir. Bu, 2010-cu ildən bu yana ildən-ilə azalan tranzit yüklərin yenidən artmasına imkan yaradacaq. Əgər 2010-cu ildə Azərbaycanın dəmir yollarından 8,2 milyon ton tranzit yük keçibsə, 2016-cı ildə bu, 3,7 milyon tona düşüb.

İlin birinci yarısında İranla Azərbaycan dəmir yollarını birləşdirən Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu hissəsi istifadəyə verilməsi, həmçinin BTQ-nin istifadəsindən sonra Çindən Avropaya gedən yüklərini hərəkət müddətinin 1,5 dəfə azalması və s. ilk illərdə BTQ ilə ildə 7 milyon tona yaxın tranzit yükün ötürülməsinə imkan verəcək. Dəmir yolunun Türkiyə, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsini 10 milyard dollara qədər artıracağı güman edilir.   

Astara - Rəşt - Qəzvin dəmir yolu xətti
Astara - Rəşt - Qəzvin dəmir yolu xətti

İqtisadçı ekspert Vüqar Bayramov İstiPress-ə müsahibəsində bu dəmir yolun açılmasının həm də nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacib olduğunu bildirir: 

“Nəzərə alsaq ki, dəmir yolu daha ucuz nəqliyyat vasitəsidir. Bu dəmir yolu ilə Mərkəzi Asiya ilə Qara dəniz hövzəsini, Avropanı birləşdirmək mümkün olacaq. Eyni zamanda, Çin bu bölgələrə çox sayda məhsullar göstərirlər. Azərbaycan üçün bu, qeyri-neft sektorunun ixrac potensialının artımına səbəb olacaq. Azərbaycanın öz məhsullarını ilk növbədə Türkiyəyə ixrac etmək imkanı yaranacaq”.

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində Bakı - Tbilisi - Qars dəmir yolunun tranzit ölkə kimi Azərbaycanın önəmini artıracağını bildirib: “Bu nəqliyyat dəhlizi Ermənistanın beynəlxalq layihələrdən tam təcrid olunması deməkdir. Azərbaycanın Qafqaz regionundakı geosiyasi üstünlüyünü daha da artırdı. Ümumiyyətlə, tranzit yolları nəzarətdə saxlamaq dövlətlər üçün əlavə təsir vasitəsidir”.  

Azərbaycan üçün Bakı - Tiflis - Qars dəmir yolunun birbaşa sosial təsirləri var. Tranzit yüklərin artması ölkə ərazisində bütün dəmir yolu boyu on minlərlə yeni iş yerinin açılmasına səbəb ola bilər. Sirr deyil ki, yüklərin azalması işçi sayının azalması ilə nəticələnir - əgər 2001-ci ildə dəmir yolunda 24 min işçi vardısa, hazırda bu say 12 minə düşüb.

Bakı - Tiflis - Qars dəmir yolunun tikintisi, eyni zamanda tikilməkdə olan Astara - Rəşt - Qəzvin dəmir yolu layihəsinin Azərbaycan üçün əhəmiyyəti gələcəkdə daha yüksək olacaq. Bu tranzit xətləri Azərbaycan büdcəsi üçün əlverişli gəlir mənbəyinə çevriləcək.

Çingiz Rüstəmov / İstiPress