Azərbaycana neftdən çox gəlir gətirəcək sahə işə düşdü

13 Aprel, 2017 18:46 | İqtisadiyyat | Baxış sayı: 700
Pambıq tarlası
Pambıq tarlası

Qiymətlərin artması problemi aradan qaldırıb

Bölgədə hava şəraiti ilə əlaqədar çiyid səpini gecikib. Buna baxmayaraq fermerlər texnika qıtlığı olmazsa, ayın sonuna qədər səpini yekunlaşdıra biləcəkləri qənaətindədirlər. Tədarükçü şirkətin yerli nümayəndəliyi də texnika sarıdan problem olmayacağını vəd edir.

Pambığın alış qiymətinin bahalaşması isə fermerlərin bu sahəyə olan marağını artırıb. Ötən illə müqayisədə Bərdədə çiyid səpiləcək sahələrin miqdarının da 3 dəfə çox olacağı gözlənilir. Hazırda zavod fermerdən bir kq pambığı 51 qəpiyə tədarük edir. Bundan əlavə, dövlət tərəfindən hər kq–a görə fermer 10 qəpik subsidiya alır. Bərdənin Nazırlı kəndinin sakini Ruhi Qarayev da bu il əkdiyi sahələrin miqdarını 2 dəfə artıraraq 50 hektara çatdırıb. Fermer deyir ki, 1 ha sahədə pambıq becərilməsi torpaq sahibinə təqribən 750 manata başa gəlir. Becərmə üçün çəkilən xərc isə bağlanmış müqavilə əsasında pambığın tədarükü ilə məşğul olan şirkət tərəfindən ödənilir.

Fermerlər deyir ki, əvvəlki illərdə pambığın qiyməti ucuz olduğundan maya dəyərini aşağı salmaq üçün aqrotexniki tədbirləri azaldırdılar. Bu da məhsuldarlığa mənfi təsir edirdi. Qiymətlərin artması bu problemi də aradan qaldırıb. Çəkilən xərc çıxdıqdan sonra fermerlər əldə etdikləri gəlirin onları qane etdiyini deyir. 

Pambıq emalı zavodundan bildirdilər ki, fermerlərin texnika baxımından narahatçılığına heç bir əsas yoxdur. Bu il zavoda əlavə olaraq 3 ədəd yeni səpin texnikası verilib. Hava şəraiti əlverişli olarsa ay sonuna qədər səpin yekunlaşa bilər.

Ramil İbrahimov İstiPress-in Qarabağ bürosu