Əmək müqaviləsi adı altında xidməti müqavilə bağlayan sahibkar "ilişdi"

13 Mart, 2020 18:37 | İqtisadiyyat | Baxış sayı: 118

200 nəfər fiziki şəxsdən 57 nəfərini

Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir. 

İstiPress-ə bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi Bayramov Ceyhun Mahir oğluna məxsus, Gəncə şəhərinin müxtəlif ünvanlarında yerləşən “Əminə Market” mağazalar şəbəkəsində operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. Vergi ödəyicisinə məxsus 4 təsərrüfat subyektində vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülməsi, malların elektron qaimə-faktura əsasında alınmasına nəzarət və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması halları yoxlanılıb.

Nəzarət tədbirləri zamanı həmin mağazalarda ümumilikdə 200 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, onlardan 57 nəfərin əmək müqaviləsi şərtləri altında bilərəkdən xidməti müqavilə əsasında (bu, ümumu işçi sayının 28,5 faizini təşkil edir) cəlb edilməsi faktı aşkar olunub ki, bu da əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Daha 3 nəfərin isə heç bir müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni zamanda 5 halda nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı da aşkar edilib.

Bir daha bildiririk ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi ödəyicisi tərəfindən əmək müqaviləsinin şərtləri altında işçilərlə xidməti müqavilənin bağlanması yolverilməzdir.

Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olur ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar.