Bakının ən elit 300 mənzilində böyük dələduzluq - tutulan var

13 Mart, 2020 16:39 | İqtisadiyyat | Baxış sayı: 189

Dövlət rüsumu 15 qəpik olduğu halda, sakinlərdən mənzilin hər kvadratına görə 50 qəpikdən pul yığılır

Nəsimi rayonu, Tbilisi prospektində 10-58 ünvanında 6 binanın, yəni 300 mənzilin istilik sistemini təmin edən qazanxananın bağlanması əhalinin narazılığına səbəb olub. 

İstiPress-in məlumatına görə, bu barədə hadisə yerində olan “Report”un əməkdaşına məlumat verən sakinlərin sözlərinə görə, "İşıq İnşaat” MTK-ya məxsus binalarda istilik verilişi saat 16 radələrindən etibarən dayandırılıb və hətta qazanxana möhürlənərək bloklanıb.

Məsələ ilə bağlı “Azəriqaz”dan sakinlərə bildirilib ki, "İşıq İnşaat” MTK-nın 36 min manat borcu var. Sakinlər qeyd edir ki, istilik sisteminə görə dövlət rüsumu 15 qəpik olduğu halda, sakinlərdən mənzilin hər kvadratına görə 50 qəpikdən pul yığılır ki, bu kommunal pulu da vaxtı-vaxtında ödənilir.

Məsələ ilə bağlı “Report”un əməkdaşı "İşıq inşaat" MMC-nin və eyni adlı MTK-nın təsisçi və direktoru Şirəliyev Cavanşirlə danışmağa cəhd etdi. Lakin həmin şəxsə edilən çoxsaylı zənglərə baxmayaraq, telefonu söndürdü. Daha sonra "İşıq İnşaat” MTK-nın Xəyyam adlı nümayəndəsi ilə əlaqə saxlanıldı. O, öz növbəsində, bildirdi ki, problemdən xəbərdardır və sakinlərlə ayrı-ayrılıqda görüşülüb problem yoluna qoyulacaq. Onun sözlərinə görə, istilik sisteminin kəsilməsi həm sakinlərin, həm də təmsil etdiyi qurumun borcu ucbatından baş verib.

“Report”un əldə etdiyi məlumata görə, bir neçə ay əvvəl "İşıq inşaat" MMC-nin və eyni adlı MTK-nın təsisçi və direktoru Şirəliyev Cavanşir Qardaş oğlu dələduzluqda təqsirləndirilib. İttihama görə, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri, Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq edib. C.Şirəliyev dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat mənimsəməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.