21 ölkə "Boeing 737"yə qadağa qoydu

13 Mart, 2019 10:27 | İqtisadiyyat | Baxış sayı: 58
"Boeing 737 Max 8"
"Boeing 737 Max 8"

Azərbaycanın ən yaxın qonşusu Türkiyə də bu təyyarələrin uçuşunu dayandırıb

Efiyopiyada 157 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra "Boeing 737 Max 8" təyyarələrinə qadağan edən ölkələrin sayı hər gün artır. Artıq onların sayı 21-ə çatıb.

Avropa Birliyinin nəzdnindəki Avropa Mülki Hava Təhlükəsizlik Agentliyi (EASA) Efiyopiyadakı qəzadan sonra "Boeing 737-8 Max" və "737-9 Max" təyyarələrinin uçuşlarının dayandırıldığını açıqlayıb. 

Qeyd edilən modelin son bir neçə ayda iki dəfə insan tələfatları ilə nəticələnən iki qəza keçirməsi onun təhlükəsizliyi məsələsini gündəmə gətirib. 

İstiPress-in məlumatına görə, "Boeing 737"ni hələlik qadağan edən, bu təyyarələr üçün hava məkanını bağlayan ölkələr arasında Avstraliya, İngiltərə, Braziliya, Çin, Argentina, Malayziya, İndoneziya (2018-ci ildə eyni model təyyarənin qəzaya uğraması nəticəsində 189 nəfər ölüb), Hindistan, Sinqapur, Meksika, Cənubi Koreya, Norveç, Almaniya, Fransa, Hollandiya və s ölkələr də var.

Bu siyahıya ötən gündən Türkiyə də qoşulub. Türk Hava Yollarının balansında olan təyyarələrdən bəziləri havaya qalxsalar da, qərardan sonra geri qaytarılıblar. 

THY-nin mətbuat müşaviri Yahya Üstün bu qərarla bağlı açıqlama da yayıb: "Balansımızda olan 12 ədəd "Boeing 737 MAX" tipli sərnişin təyyarələri ilə kommersiya əməliyyatları 13 martdan etibarən ikinci bir qərara kimi dayandırılıb".

Xatırladaq ki, Efiyopiyada qəzaya uğrayan təyyarənin zədələnmiş qara qutusunun qəzanın səbəblərinə aydınlıq gətirəcəyi gözlənilir.