Prezident səfər etdi, yollardan narazı qaldı

13 Fevral, 2020 08:55 | İqtisadiyyat | Baxış sayı: 359
Prezident yol açılışında
Prezident yol açılışında

"Yol infrastrukturu çox bərbad vəziyyətdədir"

"Bu rayonda, ümumiyyətlə, yol infrastrukturu çox bərbad vəziyyətdədir. Çünki indi Azərbaycanda belə torpaq yollara nadir hallarda rast gəlinir". Ötən gün Kürdəmir səfəri zamanı Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edən prezident İlham Əliyev yolların vəziyyətindən şikayət edib. 

O, qeyd edib ki, Kürdəmir rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də təqribən yolların 50 faizinin vəziyyəti yaxşı deyil. "Biz gərək onları da düzəldək. Qalan yarısını da gərək yaxın bir neçə il ərzində başa çatdıraq".

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov qeyd edib ki, təkcə 2019-cu ildə 88,2 kilometr kənd yolları asfaltlanıb. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da onun 80 kilometri investisiya xərcləri hesabına, 8 kilometri isə məqsədli büdcə vəsaiti hesabına görüldüyünü deyib. 

"Regional inkişaf proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır", deyə vurğulayıb.