Mikayıl Cabbarov vergidə böyük təmizləməyə başlayıb

13 Fevral, 2018 13:21 | İqtisadiyyat | Baxış sayı: 188
Mikayıl Cabbarov - vergilər naziri
Mikayıl Cabbarov - vergilər naziri

"Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik"

Vergi orqanlarının təmizlənməsinə artıq başlanılıb və bu proses davam edəcək. 

İstiPress-in məlumatına görə, bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib.

"Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir",- deyə nazir vurğulayıb.

M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. O, əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: "Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq".