İstanbulun 3-cü hava limanı açılır - ilk uçuş Bakıya olacaq

12 Oktyabr, 2018 10:12 | İqtisadiyyat | Baxış sayı: 101
Təyyarə
Təyyarə

İstanbuldan Bakıya gəliş və dönüş qiyməti 99 dollar nəzərdə tutulub

Türkiyənin yeni açılacaq hava limanından ilk xarici uçuş Bakıya olacaq. Bu barədə Türkiyə mətbuatı yazıb. İstanbuldakı hava limanının oktyabrın sonunda açılması nəzərdə tutulub. Lakin aeroport hələlik qismən fəaliyyət göstərəcək. Bu dekabrın 31-dək davam edəcək. Yeni ildən isə yeni hava limanı tam gücü ilə işə salınacaq.

İlk uçuşlar oktyabrın 31-dən başlayacaq və əsasən daxili reyslər olacaq - Ankara, İzmir, Antalya. Hələlik buradan ancaq bir xarici uçuş olacaq ki, bu da Bakıyadır. 

Türk Hava Yollarından verilən məlumata görə, ilk uçuş İstanbul Yeni Hava limanı (ISL) - Ankara Esenboğa Hava limanı (ESB) arasında baş tutacaq. Daxili reys 45 dəqiqə davam edəcək. 

Uçuşlar "Boeing 737-800" tipli təyyarələrlə həyata keçiriləcək. Daxili uçuşlar hər şey daxil 59 lira, Bakıya gediş dönüş isə 99 dollar olacaq. Bu qiymətlər 2 aylıq kampaniya zamanında keçərlidir.