Bu gün dünyanın danışdığı boru açılır - İlham Əliyev də qatılacaq

12 İyun, 2018 09:37 | İqtisadiyyat | Baxış sayı: 147
TANAP-ın çəkilişi
TANAP-ın çəkilişi

TANAP-ın açılışı Türkiyədə olacaq

Bu gün Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Açılış Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) olacaq. 

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevvə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, yüksək vəzifəli şəxslər iştirak edəcəklər.

TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP ümumi investisiya dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. 

Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.

“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.