Yeni nazirlə görüşən fermer əsas sirri açdı

12 May, 2018 16:55 | İqtisadiyyat | Baxış sayı: 662
İnam Kərimov və fermer İldırım Məmmədov
İnam Kərimov və fermer İldırım Məmmədov

"İnanmazdım ki, İnam qapıma gələ"

"Tez qalstukumu çıxartdım ki, nazir görməsin". 

Quba rayonunun Yalavanc kəndinin fermer sakini İldırım Məmmədov bu günlərdə həyatının sürprizini yaşayıb. Səhər tezdən həyət qapısında CİP avtomobili dayanıb və avtomobildən düşən adam özünü "İnam Kərimov - yeni  kənd təsərrüfatı" deyərək təqdim edəndə 68 yaşlı İldırım Məmmədov özünü itirib, çaşıb qalıb. Dərhal özünü ələ alan fermer hörmətli qonağı evə dəvət etsə də nazir onun şəxsi təsərrüfatına baxmağı üstün tutub.

İstiPress-in şimal bürosuna bu barədə İldırım Məmmədovun özü məlumat verib. Nazirin onun yaşadığı Quba rayonunun Buduq İƏD-nin Şabran ərazisində yerləşən Yalavanc kəndinə qəfil gəldiyini söyləyən fermer deyir ki, inanmazdım ki, nazir qapıma gələ, bizimlə maraqlana. Belə halı Amerikada görmüşəm, Azərbaycanda yox".

Onun sözlərinə görə, nazir ondan kənd təsərrüfatılə bağlı bütün məsələləri soruşub, nazirin diqqətinə kənddə suvarma suyunun olmaması, örüş yerlərinin çatışmaması, minitexnika azlığı kimi bütün aktual problem çatdırılıb.

İldırım Məmmədov deyir ki, nazir maldarlığı xüsusi olaraq inkişaf etdirməyimi istədi: "1600 baş qoyunum var, dedi ki, 3600 başa çatdırmalısan". İnam Kərimov fermerə onların bütün problemlərinin həllində köməklik edəcəyini söyləyib.

İldırım Məmmədov nazirin çox sadə adam olduğunu bildirdi: "Geyimindən bilinirdi ki, çox sadədir. Mən - fermer qalstukda idim, o - nazir qalstuksuz. Mən bunu görüb tez qalstukumu çıxartdım ki, ayıbdır".

Yalavanc kənd sakini məlumat verdi ki, nazir gedəndə qoyun sürüsündən olan quzulardan birini qucağına alıb: "Dedi ki, "nazirdən qoyun iyi gələr". Mən də dedim ki, İnam müəllim, bu erkək quzu, 2 aylıqdır, 1 ili tamam olsun, bu quzunu sizin qapımıza gəlməyinizin şərəfinizə adınıza qurban kəsib kasıb-kuzuba paylayacağam".

Qubalı fermer kəndlinin torpağa, işə inamını artıran İnam Kərimovun torpaq adamları üçün yeniliklər edəcəyini, onların problemlərini həll edəcək nazir olacağına inandığını da əlavə edib.

İldırım Məmmədov Quba rayon icra başçısı Ziyəddin Əliyevin də Şabran ərazisindəki Yalavanc kəndinə gəlib problemlərlə maraqlandığını, imkan daxilində həllinə kömək edəcəyini söylədiyini deyib.

İnam Kərimov və fermer İldırım Məmmədov
İnam Kərimov və fermer İldırım Məmmədov