Azərbaycanın üzləşdiyi yeni təhlükə

12 May, 2018 18:35 | İqtisadiyyat | Baxış sayı: 368
Mərakeş çəyirtkəsi
Mərakeş çəyirtkəsi

Bu ilin aprelin 19-da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı başlayan kimyəvi mübarizə tədbirləri davam etdirilir.

İstiPress-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən bildirilib.

Məlumata görə, kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir.

Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal nazirliyin “1652” çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.