Azərbaycanda baş nazir dollar çağırışı etdi

12 Mart, 2020 08:43 | İqtisadiyyat | Baxış sayı: 198
Manat dollar
Manat dollar

"Valyuta bazarına nəzarət gücləndiriləcək"

“Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlıq artıb”. Bunu Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə Baş Nazir Əli Əsədov deyib.

O, qeyd edib ki, bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. "Ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir.

Biz vəziyyətə gündəlik əsasda nəzarət edirik və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək.

Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaq”.